Qərbi azərbaycanlılar bu gün ölkənin hər bir bölgəsində məskunlaşıblar. Müxtəlif illərdə Qərbi Azərbaycandan sürgün olan 3 minə yaxın soydaşımız da, Şəkinin eyniadlı kəndində yaşayır. Onlardan 100 nəfəri 1988-1991-ci illərdə doğma torpaqlarından deportasiya edilənlərdir.
Soydaşlarımız bu günlərdə öz arzu və istəklərini, Vətən həsrətini İctimai Televiziyaya danışıblar.
Dərələyəz mahalından olan Əli Hüseynov deyir ki, ermənilərin ata-baba yurdumuzu tərk etməyimiz üçün başımıza açmadıqları müsibət qalmadı. Qərbi Azərbaycandan sürgünlük bizi doğma torpaqlarımıza, sevdiklərimizə həsrət qoydu.
İslam Hüseynov: 1965-ci ilə qədər kəndimizdə yaşamışıq. Bu hadisələrdə anamı itirmişəm. 1905-ci ildən bir neçə dəfə didərgin düşmüşük. Əvvəlcə Gürcüstana, sonra Salyana gəlmişik...
Surxay Əliyev də, söyləyir ki, ömrü boyu atam əziyyət çəkdi, ev tikdi, mal-dövlətimiz, əziyyətimiz hamısı düşmənə qaldı...
Talıb Quliyevin dediyi kimi, bizim həmişə bircə qayəmiz olub. O da, öz əzəli torpaqlarımıza qayıtmaqdır. Yolumuz açıq olsun!
Mina RƏŞİD