01.08.2025, 23:59
AZ EN
11.07.2024, 14:00 469

Balam yaşayır, gələcək...

XƏBƏRLƏR
  • Qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər arasında Usubəli Süleyman oğlu Qarayevin də adı var. Qeyd edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşmüşdü.

Tanınmış jurnalist Vüsalə Məmmədova öz FB səhfəsində şəhidimizin anası ilə bağlı paylaşım edib. Həmin yazını olduğu kimi “Vətən səsi”nin oxucularına təqdim edirik.

77 yaşlı Xocalı sakini Nərxanım Qarayeva ilə 10 il əvvəl, 2014-cü ilin avqustunda Ağcakənddə Əsir Düşərgəsi üçün müsahib axtaranda rastlaşmışdım. Müsahibə vermədi:

- Biləm ki, dediyimi yazacaqsınız, gedib elə yerə çıxacaq ki, orda onu itkin balam oxuyacaq, durub gələcək... Neçə ildir danışdım, gördüm gəlmir, daha nə faydası! İyirmi iki ildir gözüm yoldadır, gördüm-bildim deyən yoxdur... Balamın üzü bu günə kimi gözümün qabağındadır. Elə bilirəm danışsam, yenə götürüb aparacaqlar...

Elə ayaqüstü nə danışdısa, onları yazdım. Öyrəndim ki, Nərxanım nənə 22 ildir qapısına kilid vurmur, “bir gecə Yusifəli gələr, qapı üzünə bağlı olmasın”, deyir…

Sözarası “Yusifəlini vurdular, güllə səsini eşitdim” deyən qohumundan da incik olduğunu söylədi:

- Bala, yalan deyir! Yusifəli anası ölmüş cavan oğlan idi! Cavan uşağı da öldürərlərmi? İki körpənin atası da ölərmi? Balam yaşayır, gələcək…

O görüşümüzdən 10 il keçir… Artıq Nərxanım nənə haqq dünyasına qovuşub. Bu gün isə hüzura qovuşur…

…Çünki Yusifəlinin nəhayət ki, özü olmasa da, xəbəri gəldi…

Bu gün Yusifəli 32 ildən sonra Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn edilib…

Şəhidlərimizə və bu dünyadan gözü övlad yolu gözləyərək köçən valideynlərə ehtiramla…

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər