Konfrans və fotosərgi AZƏRTAC-ın təşəbbüsü və “Azərbaycan Evi” ilə birgə təşkilatçılığı nəticəsində baş tutub.
Sərgidə fenomen şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, habelə dünya liderləri ilə görüşlərini əks etdirən fotolar nümayiş etdirilib. Sərgi salonunda Azərbaycan incəsənət ustalarının Ulu Öndərə həsr olunmuş mahnıları səsləndirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov, Marneuli bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, sakrebulun üzvü Anar Piriyev, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından ziyalılar, ictimai-siyasi xadimlər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrundan canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
O bildirib ki, Ulu Öndərin xatirəsinə həsr olunmuş konfrans və sərginin təkcə Tbilisidə deyil, Marneulidə və Gürcüstanın digər bölgələrində də keçirilməsi Ümummilli Liderə olan hörmət və ehtiramın, sevginin bariz nümunəsidir.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyəti, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, gürcü xalqının da qarşısında danılmaz, böyük xidmətləri olub: "Bu günlərdə Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü qeyd olunub. Ötən illər ərzində ölkələrimiz arasında 100-dən çox dövlətlərarası sənəd imzalanıb. Bu sənədlər iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişafında mühüm rol oynayıb. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri Azərbaycan və gürcü xalqlarının rifahının yüksəlməsində mühüm rol oynayıb. Dahi liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".
Sonra Azərbaycanın Gürcüstandakı səfiriliyinin məsul əməkdaşı Ramel Lətifov bildirib ki, səfirlik tərəfindən “Heydər Əliyev İli” çərçivəsisndə tədbirlər planı hazırlanıb və bu plan çərçivəsində Gürcüstanda da silsilə tədbirlər keçirilib. Tbilisidəki Botanika bağında "Heydər Əliyev adına Nar bağı" salınıb, paytaxt Tbilisidə və regionlarda böyük sərgilər, konsert və digər tədbirlər təşkil olunub. Bu cür tədbirlər bundan sonra da davam edəcək. O, ölkə və hökumət başçılarının qarşılıqlı səfərlərinin, Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvilinin keçirdiyi görüşlərin və müzakirə olunan məsələlərin mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd edib. Diplomat AZƏRTAC-ın təşəbbüsü və "Azərbaycan Evi" ilə birgə təşkilatçılığı çərçivəsində belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib.
Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze Ümummilli Lider Heydər Əliyevlə bağlı görüşlərindən söz açıb, Ulu Öndərin və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin birgə səyləri nəticəsində reallaşan enerji və nəqliyyat layihələrinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsi daim gürcü xalqının xatirəsində yaşayacaq.
Daha sonra Marneuli bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, tarixçi alim, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Marneuli sakrebulunun üzvü Anar Piriyev, sabiq deputat Hidayət Hüseynov və başqaları çıxış edərək Ulu Öndər, fenomen şəxsiyyət Heydər Əliyev haqqında xatirələrini bölüşüb, onun gürcü xalqı qarşısındakı xidmətlərindən danışıblar. (Report)