Qoynundan pərvazlandığı ata yurdu Ulu Göyçəyə 1988-ci ilin qanlı-qadalı olaylarından sonra bir də gedə bilməyən və Vətən həsrətini çoxlu şeirlərə çevirib soydaşları ilə bölüşən, Qarabağın işğaldan azad olunduğu günü ömrünün ən bəxtiyar günü hesab edən millətsevər şair, tərcüməçi, publisist Əli Vəkil bu il fevralın 7-də dünyasını dəyişib.
Vikipediyada yazılıb ki, Əli Vəkil oğlu Səfiyev 10 iyun 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Yuxarı Şorca kəndində anadan olmuşdur. Atası Vəkil Səfiyev Böyük Vətən müharibəsində həlak olduğuna görə ailə kənd sakinlərinin qayğısı sayəsində dolanışığını təmin etmişdir. Əli Vəkil Şişqaya kənd orta məktəbini bitirib İrəvanda X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlamışdır. Həmin dövrdən bədii yaradıcılıq və tərcümə ilə də məşğul olmuşdur. Bəxtiyar Vahabzadənin “Vicdanın səsi” pyesini, Bayram Həsənovun “Ayaz” povestini erməni dilinə çevirmişdir. Onun erməni ədəbiyyatından Azərbaycan dilinə tərcümələri də vardır. Ə.Vəkil həm də M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini qiyabi bitirmişdir. Daim ermənilərin təzyiqi ilə üzləşən şair-tərcüməçi 1972-ci ildə Bakıya köçərək burada Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər Baş redaksiyasında redaktor (1972-1975), M.A.Əliyev adına Azərbaycan Düvlət İncəsənət İnstitutunda laborant (1975-1977), Azərbaycan Yazıçılar İttifaqının ermənicə nəşri olan “Qrakan Adrbecan” (“Ədəbi Azərbaycan”) jurnalı redaksiyasında şöbə müdiri (1977-1988), sonra məsul katibi (1988-1990), “Azərnəşr”də “Göy qurşağı” redaksiyasının müdiri olmuşdur.
2013-cü il iyunun 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şairin 75 illik yubileyi keçirilmişdir.
Əli Vəkilin 1963-cü ildə İrəvanda işıq üzü görmüş “Sona bulağı” kitabı şairin oxucularla ilk görüşü olmuşdur. Göyçə mahalında el arasında məşhur olan Sona bulağına həsr edilmiş poema-əfsanə müəllifin mövzuya yanaşma tərzinə görə maraq doğurmuşdur.
Əli Vəkilin Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alması onun yaradıcılığına da müsbət təsir etmiş, bir sıra kitabları məhz Bakıda işıq üzü görmüşdür. 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Zəfər çələngi” (1967), “İki günəş” (1971), “Doğma yollar” (1979), “Ata həsrəti”( 1979), “Göyərçinlər” ( 1983), “Yeddi dağ” (1984), “Şəlalə” (1988), “Ana qayğısı” (1991) kimi kitabları onun sovet dövrü yaradıcılığını əks etdirir.
Ruhu önündə ehtiramlı olduğum İstedadlı şair Əli Vəkil həm də şifahi xalq ədəbiyyatının, aşıq sənətinin mahir bilicilərindən idi. Onun çoxsaylı şeirləri aşıqlar tərəfindən ifa olunur və müəllifinə olan xalq sevgisini daha da artırırdı. Ermənilərin barbarlığı nəticəsində ata yurdunu tərk edərək Azərbaycanda qaçqınlıq həyatını yaşayan neçə-neçə gəncin təhsil almasında da Əli Vəkilin xidmətləri böyükdür. Qaçqınlara etdiyi maddi köməklik bu gün də minnətdarlıqla xatırlanır.
…Bütün səmavi kitablarda vurğulanır ki, harada yaşamasından və hansı sosial statusu daşımasından asılı olmayaraq insan vəfat edəndə onun ruhu doğulduğu yurda qayıdır və orada əbədi məskən salır. Bu mənada xeyirxah insan, ləyaqətli ailə başçısı kimi də yaddaşlara həkk olunan şair Əli Vəkilin ruhu indi yağı əlində əsir olan, amma türkün yeni Zəfərini gözləyən Ulu Göyçədə, eləcə də o müqəddəs yurdun adını daşıyan, mavi gözlü bulaqlardan süzülə-süzülə gələn sulardan əmələ gələn Göyçə gölünün üzərində dolanır. Əli Vəkil inanırdı ki, gün gələcək Göyçə də xilas ediləcək və o anası Azərbaycana qovuşacaqdır. O gün gələcək və Əli Vəkilin ruhu onda qəribsəməyəcək, əksinə növbəti zəfər sevinci ilə əbədiləşəcəkdir.
Axı, Əli Vəkil şeirlərindən birində yazırdı:
Vətəndən didərgin
düşən insanın
Ürəyi heç zaman
şad olmaz-olmaz.
Çəkər həsrətini
elin, obanın,
Bal yesə, ağzında
dad olmaz-olmaz.
Kim ki, öz yurdunu
sevmir dünyada,
Əl tutmaz kimsəyə,
yetişməz dada,
Uyar əyləncəyə,
şöhrətə, ada,
Amma xatırlanıb
yad olmaz-olmaz.
...Yaxşı bax dünyaya,
ay Əli Vəkil,
Sözünü ellərə
yay, Əli Vəkil,
Bu yurdu müqəddəs
say, Əli Vəkil,
Yoxsa ürəyində
od olmaz-olmaz!
Uca Tanrıdan Əli müəllimə rəhmət, əzizlərinə səbr diləyirik. Ruhu şad olsun!
N.QARAMANLI