Bakıda işləmək təklif olunsa da, o bu təklifdən imtina edib təyinatını doğma Qubadlı rayonuna alır. 1956-1958-ci illərdə Xocahan və Xanlıq kənd xəstəxanalarında, daha sonra isə Qubadlı Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt vəzifəsində çalışır.
Tofiq Quliyev yüksək peşəkarlığına, dəqiq diaqnoz qoyma bacarığına və təyin etdiyi müalicələrin effektivliyinə görə əhalinin və kollektivin dərin hörmət və rəğbətini qazanır.
1968-ci ildə Tofiq Quliyev Moskvada keçirilən Terapevtlərin Ümumittifaq XVI qurultayında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib.
1970-ci ildə “Lenin Yubiley Medalı”na layiq görülüb.
1971-ci ildə aktiv fəaliyyətinə görə “SSRİ Xalq Nəzarəti Komitəsinin medalı” ilə təltif olunmuşdur.
Azərbaycan SSR Səhiyyə Nazirliyi tərəfindən 1973-cü ildə “Ali dərəcəli həkim-terapevt” adını almışdır.
1979-cu ildə “Sosializm yarışının qalibi” medalı ilə təltif olunub.
1980-ci ildə SSRİ-nin Lenin ordenli “Qırmızı Xaç və Qırmızı Aypara” cəmiyyətinin Fəxri Fərmanına layiq görülüb.
1981-ci ildə SSRİ-nin “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif olunub.
1990-cı ildə ona “Əmək Veteranı”medalı təqdim olunub.
Tofiq Quliyev zəhmətkeş insan, peşəkar həkim olmaqla yanaşı, rayonun ictimai həyatında da yaxından iştirak edib. O, həmçinin Qubadlı Rayon Sovetinin deputatı vəzifəsində də çalışmışdır.
1988-ci ilin məlum hadisələri zamanı torpaqlarından zorla qovulan azərbaycanlıları qarşılayaraq onlara maddi və mənəvi yardım göstərən insanlardan biri də Tofiq həkim olmuşdur.
O, 1993-cü ilin avqustunadək Qubadlıda ermənilərin hücumları zamanı xəsarət alan vətəndaşlarımıza, hərbçilərimizə tibbi yardım göstərilməsində də fəal iştirak edib. Baş verən bu hadisələr, doğma yurdun işğal olunması onun səhhətinə də öz mənfi təsirini göstərmişdi. O infarkt keçirərək ağır xəstə yatağına düşür və sanitar helikopter vasitəsilə müalicə olunmaq üçün Bakıya göndərilir...
Rayon işğal olunduqdan sonra Sumqayıt şəhərində məskunlaşan Tofiq Quliyev əvvəlcə 3 saylı Sumqayıt şəhər xəstəxanasında, sonra isə 1 saylı şəhər poliklinikasında həkim-terapevt kimi fəaliyyət göstərmişdir.
Tofiq Quliyev 1998-ci ildə mart ayının 23-də vəfat edib.
Hazırladı: Tahirə AĞAMİRZƏ