Rütbə var yazılar məzar daşına, zaman sellərində aşınar gedər...
Rütbə var yazılar cənnət arşına, sonsuzdan sonsuza daşınar gedər...
Bəli, Vətəncalı, mübariz ruhlu Elsevərin ilk və əbədi rütbəsi Vətən sevgisiylə başladı..
Elsevər Vaqif oğlu Paşayev 1988-ci ill iyunun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. Cəbrayıl işğal olunanda Elsevərin cəmi 5 yaşı olub. Böyüdükcə bu ayrılıq onun qəlbində daha dərin yaralar açıb və düşünüb ki, əlindən gəldiyi qədər bir iş görməlidir.
Onlar Beyləqan rayonunun Milabad kəndinə pənah gətirmişdilər. Elsevər orta təsilini də bu kənddə alıb. Hələ 8-ci sinifdə oxuyanda hərbçi olmaq fikrini qətiləşdirib. Onun bu arzusu məcburi köçkün həyatı yaşayan valideynlərinin də ürəyincə olub. Onların xeyir-duasını alan Elsevər öncə C.Naxçıvanski adına Hərbi Lliseydə təhsil alıb. 2006-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub və 2010-cu ildə həmin məktəbi moto-atıcı ixtisası üzrə bitirib. 2011-2013-cü illərdə N saylı hərbi hissədə taqım komandiri, 2013-2018-ci illərdə taqım komandiri – bölük komandiri vəzifələrində xidmət edib.
Yüksək savada sahib olan, beş xarici dil bilən Elsevər xarici ölkələrdə xarici hərbçilərlə təlim keçmişdir. O, Əfqanıstanda Azərbaycandan gedən Sülhməramlıların komandiri olmuşdur. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyədə, 2019-cu ildə isə Böyük Britaniya Krallığında, Çexiyada, Almaniyada, təlimlərdə iştirak etmişdir.
44 günlük Vətən müharibəsində döyüşlər başlayan gündən xüsusi şücaəti ilə seçilmiş, düşmənin xeyli sayda canlı qüvvələrini məhv etmişdir.
Öz əsgəri onun barəsində deyir: “Elsevər Paşayev döyüşlərə kapitan olaraq başlamışdı. Əsgərlərini öz övladı qədər sevir, onları qoruyurdu. Yaralanan zaman mənə dedi ki, məni tək buraxma. Mənsə ona komandir, sizi heç vaxt tək buraxmaram dedim. Sonra mənə əlaqə ilə general-leytenant Kərim Vəliyev dedi ki, kapitan Elsevər Paşayevə mayor rütbəsi verildi. Mən komandirə bu xəbəri deyəndə, ağır yaralı olmasına baxmayaraq sevindi və qanı qaçmış dodağına gülüş qondu”.
Arzusu Qələbə bayrağı ilə qayıdıb doğmalarını sevindirmək idi...
Bu gün isə o Bayraq evində, uşaqlarına əmanət edilib. Məhz elə buna görədir ki, şəhidimizin həyat yoldaşı Xəyalə Paşayeva qızlarının atasının davamçısı, atalarına layik övlad olmaları üçün var-qüvvəsi ilə çalıışır.
Mayor Elsevər Paşayev 2020-ci il oktyabrın 25-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.
İki qız övladı isə əmanətdir.
Qəhrəmanımız ölümündən sonra “Qarabağ ordeni”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ