23.12.2024, 03:44
AZ EN
05.08.2022, 09:20 633

Yaralansa da, döyüşü davam etdirirdi...

XƏBƏRLƏR
  • Vətən adlı qibləgahımız, şəhid adlı səcdəgahımız var. Vətənin hər qarış torpağına axan şəhid qanları Vətənin müqəddəsliyindən xəbər verir. Şəhid məzarları qəhrəmanlıq təcəssümüdür. O məzarlarda uyuyan igidlərin hər biri Vətən uğrunda şəhadətə qucaq açaraq əbədiyyətə qovuşanlardır...

...Ailədə 3 qardaş idilər, ürəyi Vətən eşqi ilə döyünən 3 qardaş. Emil İsgəndərov evin böyük övladı idi. Ananın ilk sevinci, ilk nubarı. Axı, ana üçün ilk övlad o birilərindən bir az fərqlənir. Tənzilə İsgəndərova qəhrəman oğlu Emildən danışarkən sözləri boğazında düyünlənir, göz yaşları yanağından yuvarlanıb axsa da, məğrur dayanmağa çalışır. Axı, Emili Vətən uğrunda şəhid olub.

Göz yaşlarına məhəl qoymadan deyir ki, mən övladlarımı bir-birindən ayırmıram, amma o fərqliydi, elə bilirdim bacımdı, anamdı, qardaşımdı, dostum-sirdaşımdı, bax, beləydik biz onunla. Bütün sirrimi bilirdi... O, mənim güvənc və sirr dünyam idi. İndi yoxluğuna dayana bilməsəm də, onunla fəxr edirəm. 

Əslən Qubadlı rayonunun Çardaxlı kəndindən olan Emil İsgəndərov 1990-cı il avqustun 5-də Sumqayıt şəhərində anadan olub.

Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsində gizir olaraq Vətənə xidmət edirdi. Müharibə başlayanda atası 3 oğlunu da döyüşlərə yola salıb: “Hamımız torpağı istəyirdik, yəni, hamımızın başı aşağı idi ki, o boyda torpaq­larımız işğalda qalmışdı, heç nə edə bilmirdik, aciz idik, nəyə görə aciz idik, bunun səbəbini də tapa bilmirdik. Oğlum bizimlə heç vaxrt hərbi sirri bölüşməzdi. Amma Prezidentimizin bu barədə planları varmış, ordumuzu gücləndirirmiş. Buna görə də Vətən müharibəsi başlayanda uşaqların üçünü də yola saldım,” - deyir qəhrəmanımızın atası Vaqif İsgəndərov...

Emil həyat yoldaşını, 3 yaşlı İbrahimi, 4 aylıq körpə Nicatı valideynlərinə əmanət edərək Vətə­nə övladlıq borcunu ödəməyə, düşməndən qisas almağa gedib.

Daxili Qoşunların giziri olan Emil Vətən müharibəsinin əvvəlindən döyüşə girib, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fərqlənib. Emilin daxil olduğu dəstə gizli yollarla ermənilərin mövqelərinin arxasına keçərək onlara əsas yoldan gələn dəstək kalonlarının qabağını kəsib. Silah və ərzaq gətirən avtomobilləri məhv edib.

Emil Şuşa əməliyyatında iştirak eləyən zaman qolundan güllə yarası alıb. Buna baxmayaraq özü öz qolunu sarıyıb və yoldaşları ilə birlikdə döyüşü davam etdirib. Lakin yaxınlığına düşən minamyot mərmisi nəticəsində o, daha ağır yaralanıb. Noyabrın 7-də isə şəhidlik zirvəsinə ucalıb.

İgid döyüşçü Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

Gizir Emil İsgəndərov ölü­mündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah şəhidimizə rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər