Fuad sonuncu dəfə noyabrın 3-də atasıyla danışıb. Deyib ki, Sizi Allaha əmanət edirəm. Son günlərdə anasıyla da danışanda ona “Sən qəhrəman anasan”, söyləyib. Fuadın qardaşı Fərid də Vətən müharibəsi iştirakçısıdır. O, qardaş itkisini sanki sağ qolunun yoxluğu kimi hiss etsə də, onunla fəxr etdiyini deyir. Bildirir ki, qardaşım şəhid olmaqla ən yüksək zirvəyə ucalıb...
Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, baş leytenant Fuad Nazim oğlu Əlizadənin doğum günüdür. O, 1994-cü il iyunun 25-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. İlk təhsilini Naxçıvan şəhər 17 saylı məktəbdə alıb. 2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb.
Fuad Əlizadə 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə iştirak edib. Aprel döyüşlərindən qayıtdıqdan sonra 2016-ci ilin may ayında Murovdağ zirvəsində 4 il müddətində Vətənə xidmət edib. 2018-ci ildə baş leytenant rütbəsinə layiq görülüb. 2020-ci ilin fevral ayından N saylı hərbi hissədə xidmət etməyə başlayıb.
Azərbaycan Ordusunun baş leytenantı Fuad Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Cəbrayıl, Qubadlı və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Fuad Əlizadə noyabrın 7-də Laçın dəhlizi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Fuad Əlizadə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev tərəfindən şəhadətindən əvvəl “Azərbaycan Ordusunun yaranmasının 100 illiyi”, ölümündən sonra isə “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD