Mənim sevdiyim... xəyallarım vardı,
Mənim öz dünyam – arzularım vardı...
Mənim bir könüldə gizli yerim vardı...
Yamyaşıl idi ömrümün budaqları...
44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə tarix yazan igidlərimizdən biri də Abbasov İsa Faiq oğludur. O, 1996-cı il avqustun 2-də Gəncə şəhərində anadan olub. 2003-2014-cü illərdə Gəncə şəhərində M.A.Abbaszadə adına 20 saylı tam orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə isə Gəncə Dövlət Universitetində “Tarix müəllimliyi” üzrə ali təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
İsa Abbasov Vətən müharibəsi zamanı Füzulinin, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, şücaət göstərib. Noyabrın 9-da isə Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Qəhrəmanımız Azərbaycanın üçrəngli bayrağına bükülərək Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Subay idi.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən İsa Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ