Anası deyir ki, ailədə bir çətinlik olanda o bizə ürək-dirək verərdi. Olduqça səbirli və dözümlü idi. Kəşfiyyatçı olduğundan çətin anlarda necə davranmağı yaxşı bilirdi. Həmişə haqq-ədalət tərəfdarı olub, ibadətini də unutmurdu. Müharibə zamanı bir dəfə onların ərzaq maşını vurulur. O, çətinliklə əsgərlərə ərzaq və su gətirir. Onlar iki gün mühasirədə qalırlar. Dözümlü olduğundan öz payını da əsgərlərə verirmiş...
Anası bu gün də düşünür ki, Həmid yenə Vətənin keşiyindədi, təlimdədi, gələcək... Şəhid övladını xatırlayarkən kövrələn ataya ana, - “dözümlü ol”, deyir... Düşünürsən ki, belə anaların övladları da elə kapitan Həmid kimi qəhrəman olmalıdır...
Bu gün kapitan Cəfərli Həmid Kərim oğlunun doğum günüdür. O, 1990-cı ilin avqust ayının 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbə daxil olaraq 8-ci sinifə qədər burada təhsil alıb. 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2007-ci ildə liseyi bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul edilərək 2011-ci ildə həmin məktəbdə “Qoşun Kəşfiyyatı” ixtisasına yiyələnib və leytenant rütbəsi alıb.
Bundan sonra Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə Zabit ixtisas kursuna göndərilib.
Leytenant Həmid Cəfərli SQ TTM-də kəşfiyyatçı tağım komandiri kursunu bitirib. O, 2012-ci ildən N saylı hərbi hissənin kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsinə təyin olunub.
2013-cü ildə hərbi hissə komandiri tərəfindən döyüş və ictimai hazırlıqda nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə Fəxri fərman və Silahlı Qüvvələrin yaranmasının 95 illik yubiley medalı ilə təltif olunaraq ona baş leytenant hərbi rütbəsi verilib.
2015-ci ildə isə Qazax rayonundakı N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilib. Dəfələrlə düşmənin yerləşdiyi ərazilərə kəşfiyyat qrupları aparıb və əsirlərlə qayıdıb. 2016-cı ildə göstərdiyi xüsusi xidmətlərə görə vaxtından əvvəl kapitan hərbi rütbəsinə yüksəlib. 2017-ci ildə o, Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəyə komandir müavini vəzifəsinə təyin edilib.
3-cü dərəcəli "Qüsursuz xidmətlərinə görə" və Silahlı Qüvvələrin 100 illik yubiley medalları ilə təltif edilib. 2019-cu ildə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin edilib.
2020-ci ilin 27 sentyabrında başlayan 2-ci Vətən Müharibəsində kapitan Həmid ön xətdə döyüşə başlayıb və Cəbrayıl istiqamətində düşmənin müdafiə səddini yararaq işğal altında olan torpaqlarımızın geri qaytarılmasında mərdlikə vuruşub. Cəbrayıl yüksəkliklərinin işğaldan azad edilməsi uğrunda döyüşərək, Nüzgar kəndinə Azərbaycan bayrağını sancıb. Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərinin işğaldan azad edilməsində iştirak edib. Döyüş zamanı iki gün şəxsi heyəti ilə mühasirədə qalıb.
2020-ci ilin oktyabr ayının 2-də Həmid Tovuz rayonunda yerləşən hərbi hissədə yüksək vəzifəyə təyin olunub. Lakin o,"müharibə qurtarandan sonra təyinat yerinə gedərəm"- deyib. Döyüşçü dostlarına - “Müharibədən sağ-salamat çıxsam, mütləq kitab yazacağam”, - deyən kapitan öz şəhidliyi ilə Zəfər tarixini yazan oğullardan birinə çevrildi.
O, 2020-ci ilin oktyabr ayının 5-də də Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən qızgın döyüşlərdə qəhrəmancasına şəhid oldu. Bakı şəhərində 2-ci Şəhidlər Xiyabanında dəfn olunub. İki oğlu, bir qızı Vətənə əmanət qaldı...
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə ”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ruhun şad olsun, doğum günün mübarək, Şəhidim!
Mina RƏŞİD