Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan festivala Azərbaycandan 14 Qarabağ atı gətirilib. Nümayəndə heyətimiz xalqımızın qəhrəmanlıq rəmzlərindən olan “Koroğlu”nun adını daşıyan şou-kompozisiya ilə çıxış edəcək. Kompozisiyanın əsasını Qarabağ atları, milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir.
Ankarada səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qurulacaq “Azərbaycan çadırı”nda ölkəmizin milli-mədəni dəyərləri, eləcə də milli musiqi və rəqsləri, müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər iştirakçılara təqdim olunacaq. Qonaqlar canlı olaraq mütəxəssislərin Azərbaycan xalçasının toxunma prosesi, miniatür rəsmlərin yaradılması və ağac üzərində oyma sənətinə dair iş prosesini yaxından izləmək imkanı əldə edəcəklər. Tədbirin bədii hissəsində mərkəzin nəzdində fəaliyyət göstərən “Xəzər” rəqs ansamblının ifasında milli rəqslərimiz, azərbaycanlı gənc ritm ustalarının çıxışları, habelə Azərbaycanın Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədov və onun şagirdlərinin milli musiqimizə dair ifaları nəzərdə tutulub.
İstanbulun Atatürk hava limanının ərazisində təşkil olunan tədbirdə dünyanın 30-dan çox ölkəsi iştirak edir.
Türkdilli xalqlara aid atçılıq, oxatma, güləş kimi milli idman növlərinin nümayiş etdirildiyi festivalda hər il fərqli coğrafiyaların özünəxas oyunları tanıdılır. Bu çərçivədə tədbirdə ilk dəfə Rumıniyanın milli idman növü nümayiş olunacaq.
Qeyd edək ki, 2016-cı ildən etibarən Dünya Etnosport Konfederasiyası tərəfindən ənənəvi olaraq təşkil olunan festivalda indiyədək 50-dən artıq ölkədən 250-dən çox idmançı iştirak edib. Hər il bir milyondan artıq ziyarətçi qəbul edən festivalda iştirakçı ölkələrin milli-mənəvi dəyərlərinin tanıdılması ilə yanaşı oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla müxtəlif ənənəvi idman növləri üzrə yarışlar keçirilir. Qarabağ atlarının nümayişləri isə hər il iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanır. (AZƏRTAC)