08.09.2024, 05:32
AZ EN
31.05.2024, 10:00 292

Bu gün şəhid Nurlan Sultanovun doğum günüdür

XƏBƏRLƏR
  • Nurlan hələ birinci sinifə gedərkən böyüyəndə torpaqlarımızı düşməndən alacağına and içəndə hamı gülümsəmişdi. O, bir az böyüdükdən sonra anasına tank şəkli göstərir və deyir ki, mən tankçı olacam. 9-cu sinifdən hərbi məktəbə getmək istəyirdi, amma nədənsə alınmayıb. Nurlan müharibəyə gedəndə anasına bildirməyib. Deyib ki, Ağcəbədidə bazada çalışıram, əsgərlərə yemək daşımaqda kömək edirəm. Bir dəfə ondan 3 gün xəbər olmur. Dostuna zəng edirlər və o deyir ki, Nurlan Füzulidə döyüşdədir. Anası bunu ona bildirəndə deyir ki, bunu sənə kim deyib? İki gün sonra zəng edəcəyini deyir, amma səhəri gün şəhid olur. Şəhidliyindən bir neçə gün əvvəl qardaşından xahiş edib ki, ona evlərinin, məhlələrinin görüntülərini göndərsin, sanki son dəfə doğma yerləri görmək istəmişdi.  

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidlərindən olan Nurlan Yaşar oğlu Sultanovun doğum günüdür. O, 1999-cu il mayın 31-də Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. 2019-cu ildə kollec təhsilini başa vurub və həmin ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Nurlan Sultanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Sultanov noyabrın 5-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə N.Sultanov ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Anası deyir ki, Nurlan çox qorxmaz, mərd bir oğul, həm də mülayim və mehriban övlad idi. Onunla fəxr edirəm.

Bu gün bütün Azərbaycan səninlə, sənin kimi igid oğulları ilə qürur duyur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Nurlan balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər