18.06.2025, 12:52
AZ EN
18.06.2025, 09:18 230

Bu gün şəhid İsmayıl Hüseynovun doğum günüdür

XƏBƏRLƏR
  • Xalası deyir ki, İsmayıl məsuliyyətli gənc idi, ona bir tapşırıq verilsə unutmazdı. Üzündə həmişə təbəssüm olardı, amma gözləri sanki yol çəkərdi... Vətən müharibəsi başlayanda vətənpərvər oğullarımız kimi İsmayıl da çox sevindi, düşməndən intiqamımızı almağın vaxtı gəldi, deyə, özünə yer tapa bilmirdi. Deyirdi ki, torpaqlarımızı biz işğaldan azad edəcəyik...

İsmayıl Şahvələd oğlu Hüseynov 18 iyun 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999–2010-cu illərdə Bakı şəhər Səbail rayon şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə təhsil alıb.
İsmayıl Hüseynov 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlananda İsmayıl da Vətənin səsinə səs verib. O, 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılıb.

Azərbaycan Ordusunun əsgəri olan İsmayıl Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

İsmayıl Hüseynov 8 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz 9 oktyabr 2020-ci ildə Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İsmayıl Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər