23.11.2024, 01:53
AZ EN
27.05.2024, 11:31 333

Cənnətdəki doğum günün mübarək...

XƏBƏRLƏR
  • 44 günlük Şanlı Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman oğullarımızdan biri də şəhid Həsən Şöhrət oğlu Qasımovdur.

O, 1997-ci il mayın 27-də Hacıqabul rayonunun Tağılı kəndində anadan olub. 2003-cü ildə Hacıqabul rayon Əzizə Cəfərzadə  adına Tağılı kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2014-cü ildə həmin təhsil ocağında 11-ci sinfi başa vurub. 2016-cı ilin yanvar ayının 25-də Hacıqabul rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunun Ballıqaya kəndində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Həsən bir müddət orada xidmət etdikdən sonra rayonun Aşağı Ağcakəndində yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilib. 2017-ci ilin iyul ayının 11-də Vətən borcunu layiqincə yerinə yetirərək doğma evlərinə, ata-anasının yanına qayıdıb. 2018-ci ilin iyul ayından AQRO DAİRY MMC şirkətində mühafizəçi vəzifəsində işə başlayıb. İşində məsuliyyətli, diqqətli olan Həsən qısa zamanda mərdliyi, cəsurluğu, ədaləti ilə iş yoldaşları arasında hörmət qazanıb.

2020-ci ilin sentyabr ayının 27-dən başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Həsən Hacıqabul rayon Hərbi komissarlığı tərəfindən yenidən orduya çağırılıb. O, təlimlərdə iştirak etmək üçün Beyləqana yollanıb. Elə müharibə başlayan gündən ön xətdə  ən qızğın döyüşlərdə - Füzuli istiqamətində mərdliklə vuruşmağa başlayıb.

Həsən Qasımov ağır döyüşlərdə arada möhkəm xəstələnsə də komandirinin təkid etməsinə baxmayaraq döyüş yoldaşlarından ayrılmayaraq müalicə almaqdan imtina edib. İgid döyüşçü oktyabr ayının 27-də Füzuli istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz noyabrın 7-də doğulub, boya-başa çatdığı Hacıqabul rayonunun Tağılı kəndində böyük izdihamla torpağa tapşırılıb.

Qeyd edək ki, Həsən Qasımovun atası da Birinci Qarabağ Müharibəsinin veteranıdır. Atası torpaqlarımız uğrunda canından keçən qəhrəman oğlu ilə fəxr etdiyini deyir. Bildirir ki, başda Müzəffər Ali Baş Komandanımız olmaqla şəhidlərimiz, qazilərimiz və veteranlarımız illərlə arzusunda olduğumuz torpaqlarımızı qəhrəmanlıqla azad etdilər.

Şəhidimiz 2019-cu ildə ailə qurmuşdu.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həsən Qasımov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə",   "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Bu gün qəhrəman şəhidimiz Həsən Qasımovun doğum günüdür. Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər