14.03.2025, 23:28
AZ EN
23.05.2024, 11:13 343

Bu gün şəhid Xəyal Namazovun doğum günüdur

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, çavuş Namazov Xəyal Xudaverdi oğlunun doğum günüdur.

O, 1986-cı il mayın 23-də Füzuli şəhərində anadan olub. Xəyal əslən Xocavənd rayonunun Muğanlı kəndindəndir. O, təhsilə İsmayıllı rayon Aşıqbayramlı kənd tam orta məktəbində başlayıb. Sonra Xocavənd rayon Tuğ kənd tam orta məktəbində təhsilini davam etdirib, 11-ci sinfi Xocavənd rayon 4 saylı tam orta məktəbdə tamamlayıb. Xəyal 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Neft-qaz fakültəsinə qəbul olunub.
Xəyal Namazov 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında Xudat Sərhəd Dəstəsində Vətənə xidmət edib. 2008-ci ildə hərbi xidmətini başa vuran Xəyal Namazov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən Vətənə xidmətə başlayıb.
Xəyal Namazov şanlı Aprel döyüşlərində də iştirak edib və AQS-21 silahı ilə manqa komandiri kimi qəhrəmanlıqla vuruşub.

Çavuş Namazov Xəyal 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılıb, Qaraxanbəyli, Seyidəhmədli kəndlərinin azad olunmasında qəhramanlıq göstərib. İgid Vətən oğlu oktyabrın 3-də elə Füzuli uğrunda gedən qanlı döyüşlərdə də qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Xəyal Namazov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunub.

Anası xatirələrində bildirib ki, Birinci Qarabağ müharibəsində balalarım üçün çox çətin idi. O vaxtlar işıq yox idi, çöl ocağında yemək bişirirdim. Bir dəfə Xəyal oynaya-oynaya gəldi gördü ağlayıram. Dedi niyə ağlayırsan, ana? Dedim, oğul, qardaşlarım, millətin övladları şəhid olur, qan tökülür. Dedi, ana, ağlama o torpaqları biz azad edəcəyik. Elə o cür də etdi... Getdi şəhid oldu, ancaq torpaqlarımız azad edildi...
Sentybrın 17-də qıznın ad günü idi. O qədər deyib güldülər ki, qohumlarla. Sübh vaxtı idi. Dedi, ana, sən də yatma, bəlkə bu bizim axırıncı görüşümüz oldu. Xəyal hər şeyi bilirdi. Mən qorxmayım deyə, deyirdi narahat olma, türk qardaşlarımız buradadır, bir oğulun da burnu qanamayacaq. Heç inanmazdım balam şəhid olar... Onun tabutu gələndə çox səbrli davrandım. O, hərbi forma geyinməyi o qədər arzulayırdı... Öz arzusu qisməti oldu. Həmişə deyirdi ki, mən şəhid olacağam. Mən onun balalarını özü kimi qorudum. Onun tabutu gələndə həyəcandan, qorxudan nəvəm pis olmuşdu, qəfil elə bidlim balamın balasına nəsə oldu. Atasının şəhid olmağı balasına çox təsir etmişdi.
Axırıncı dəfə mənimlə oktyabrın 2-də danışdı. Deyirdi, ay ana, nə yaxşı uşaqlarımın yanındasan. Mən də ona dedim ki, gözün arxada qalmasın, özünü qoru. Hirslənirdi ki, mən özümü qorumağa gəlməmişəm ki... Həmin gün məni müjdələdi ki, Füzuli torpağındayıq. Dedi, ana, telefonu yanında saxla, günorta səninlə arxayın danışacağam. Telefonu əlimdən yerə qoymadım. Həmin andan 1 saat sonra sən demə, şəhid olub. Hamı bizi yığırdı ki, Xəyalla danışmısınız? Oktyabrın 3-də tabutu gəldi. Heç kəs mənə cürət edib deyə bilmirdi ki, bura bir xalça sər. Həmin gündən elə bil ölüb dirilirəm. Gecə düşəndə deyirəm bu gecələr olmayaydı. Divarla danışıb, ağlayırsan. Onun şəhid olmağı bütün qohumlara pis təsir elədi. Allah Ali Baş Komandanımıza kömək olsun. Bizə ən böyük təsəllinin biri də o oldu ki, Prezident İlham Əliyev Füzuli rayonu Qaraxanbəyli kəndində şəhidlərimizə abidə qoydu. Xocavənd rayonu Salakətin və Qaradağlı kəndlərindəki orta məktəblərdə oğlumun adına sinif otağı var. Şəhidlərimizin adına Xocavənd rayonunda abidə bulaq kompleksi var.
Şəhidimizin iki övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR