25.04.2025, 03:38
AZ EN
07.05.2024, 09:22 355

Qızım sənə əmanətdir...

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, MAXE əsgər Kazım Sahib oğlu Məmmədsalahovun doğum günüdür. O, 1989-cu il may ayının 7-də Şəki rayonunun Qoxmuq kəndində anadan olub. Orta təhsilini Qoxmuq kənd orta məktəbində alıb. 2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis edildikdən sonra fərdi təsərrüfatla məşğul olub. Vətənpərvər bir gənc olan Kazım 2012-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kurs keçdikdən sonra müddətdən artıq xidmətə başlayıb. 2015-ci ildən 2020-ci ilə qədər fərdi əməklə məşğul olub.

2020-ci ilin aprel ayından təkrar MAXE kimi ordu sıralarında xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı digər hərbçi dostları kimi ön cəbhədə döyüşüb. Suqovuşan-Tərtər bölgəsində şərəfli döyüş yolu keçib. 2020-ci il oktyabr ayının 15-də şəhidlik zirvəsinə yüksəlib.

Ailədə bir bacı və üç qardaş olublar. Evli idi, Aylin adında bir qızı var.
Bu gun Kazımın atası Sahib kişi, anası Nərminə xanım, qardaşları Nazim və Şirxan onun yoxluğundan nə qədər kədərlənsələr də, belə bir qəhrəmanın ailə üzvü olduqları üçün qürur hissi keçirirlər.
Şəhid bacısı Hüsniyyə xanım: "Hələ kiçik yaşlarından qardaşımın vətənə sevgisi böyük olub. O, çox zəhmətkeş idi. Vətənə olan sevgi hissi onu hərbçi olmağa sövq etmişdi. Ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olması idi. Şükürlər olsun ki, qardaşımın arzusu həyata keçdi. Əminəm ki, bu sevinci onun ruhu yaşayıb" – deyir.
Kazımın bütün doğmaları onun haqqında iftixarla danışırlar. Deyirlər ki, Kazım çox mehriban və qayğıkeş bir ailə başçısı idi. Çətin həyat şəraiti keçirməsinə baxmayaraq, həmişə başqalarına kömək göstərirdi. Arzuları böyük idi. İki qız övladı var idi. Kiçik qızının ürək qüsuru nəticəsində vəfatından sonra böyük qızı Aylinin uşaq həkimi olmasını arzulayırdı. Səbirsizliklə qızının ilk dəfə dərsə gedəcəyi günü gözləyirdi. Qızına məktəb paltarları və çanta alanda Kazımın sevincinin həddi-hüdudu yox idi. Ancaq arzuladığı anı görmək qisməti olmadı. Vaxt keçəcək, bu gün hazırlıq sinfinə gedən Aylin şəhid atasının arzularını yerinə yetirəcək, xalqımız üçün dəyərli vətəndaş olacaq...
Şəhidin həyat yoldaşı Lalə Məmmədsalahova: "Kazım haqqında danışmaq mənim üçün çətin, lakin şərəflidir. Şəhidlik zirvəsinə yüksəlmək hər döyüşçüyə nəsib olmur. Kazım vətənini sevən, öz vətəninə möhkəm tellərlə bağlanan bir hərbçi idi. Elə bu Vətən sevgisi onu yenidən 5 il əvvəl işlədiyi “N” saylı hərbi hissəyə gətirmişdi. Tez-tez hərbi təlimlərdə iştirak edirdi. Ancaq heç vaxt işinin ağırlığından şikayətlənməzdi. Mingəçevir şəhərində mənzil kirayə etmişdik. Biz 5 yaşlı qızımız Aylin ilə xoşbəxt yaşayırdıq. Hərbi hissə xeyli uzaqda yerləşirdi. Kəskin karantin şərtləri də evə gedib-gəlməyə çətinlik törədirdi. Bütün bunlara baxmayaraq vaxtı olan kimi bizə baş çəkərdi. Kazım əsl ailə başçısı idi. Mən və qızım həmişə onun diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. Həmişə işdən sonra evə gələndə oturub bizimlə söhbətləşərdi. Son zamanlar şəhidlik zirvəsinin ən ali məqam olduğunu deyərdi. Şəhid olacağı təqdirdə qızımızın gələcəyi barədə tövsiyələr verərdi. Sanki şəhid olacağını əvvəlcədən bilirdi.
Hər dəfə evdən çıxanda «Qızım sənə əmanət» - deyərdi. Sonuncu dəfə sentyabrın 25-də evdən çıxanda bizimlə elə vidalaşdı ki, sanki sonuncu görüşü olduğunu bilirdi...

Sentyabrın 27-də müharibənin başladığını eşidəndə çox narahat oldum. Elə həmin gün Kazım bizimlə telefon əlaqəsi saxladı və bu, onun son zəngi oldu. Günlərlə onun zəngini gözlədim. Oktyabrın 16-da isə ölüm xəbərini eşitdim. Elə həmin gün mənfur düşmənin snayper gülləsinə tuş gəlmişdi. Həmin gün mən də məktəbimizin müəllimləri ilə şəhidlərin xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına getmişdim. Burada adamların şəhid ailələrinə və onların övladlarına necə hörmət bəslədiyinin şahidi oldum. Bilməzdim ki, mən də şəhid ailələrinin sırasına qoşulacam.
Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə şəfa diləyirəm" – deyir.
Kazım Məmmədsalahov Şəkinin Qoxmuq kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər