Rəşad İlqar oğlu Rəhimov 16 iyul 1985-ci il iyulun 16-da Tərtər şəhərində anadan olub. 2006-cı ildə ali məktəbi bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə daxil olub və kursu uğurla başa vuraraq leytenant rütbəsi alıb. Zabit və tağım komandiri kimi xidmət göstərib.
2008-ci ildə ehtiyata buraxılıb. 2010-2011-ci illərdə Hərbiləşdirilmiş Mühafizə İdarəsində, 2011-ci ildən isə “Azərpoçt” MMC-də çalışıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərək vəzifə borcunu şərəflə yerinə yetirən Rəşad Rəhimov Zəngilan, Qubadlı, Şuşa istiqamətlərdə gedən döyüşlərdə şücaət göstərib. Ən böyük arzusu Şuşanı işğaldan azad etmək olub.
Rəşad Rəhimov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu. Şuşa işğaldan azad oldu, qəhrəmanımız isə azadlığını arzuladığı Şuşa uğrunda şəhid oldu. Şəhidimiz 2-ci Fəxri Xiyabanda böyük ehtiram və izdihamla dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ruhu şad olsun!..
Qeyd edək ki, şəhidimizin 2 övladı Vətənə əmanət qalıb.
Tahirə AĞAMİRZƏ