Dünya səyyahı Jorn Augestad başçılıq etdiyi heyətdə gənclər üstünlük təşkil edir. Onların demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.
Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.
Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünyaşöhrətli “Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.
Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onların vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb. (AZƏRTAC)