Əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ziyalılar, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov milli mətbuatın yaranmasının ildönümü münasibətilə media işçilərini təbrik edib, Azərbaycan mətbuatının zəngin və şərəfli yoluna, “Əkinçi” qəzetinin fəaliyyətinə nəzər salıb, ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından danışıb.
Tədbirdə Azərbaycan mediasının 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyətindən də bəhs olunub. Bildirilib ki, Vətən müharibəsində Azərbaycan həm döyüş meydanında, həm də informasiya savaşında düşmənə qalib gəldi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Qarabağ bölgəsində çalışan media nümayəndələrinin də böyük rolu olub.
Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsi fəxri fərmanla təltif edilib. (AZƏRTAC)