“Adn Kronos International SRL” agentliyinin informasiya mərkəzində keçirilən təqdimat mərasimində Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, akademik dairələrin nümayəndələri, memarlar, analitik və ekspertlər iştirak ediblər.
Fabrisio Konti kitabda Qarabağda və digər işğaldan azad olunmuş ərazilərimizdə çəkilmiş 150-dən çox fotoşəkilin toplandığını bildirib. O, dəfələrlə işğaldan azad edilən ərazilərə səfər etdiyini və Azərbaycan ərazilərinin təxminən otuzillik erməni işğalı dövründə vandalizmə məruz qaldığının canlı şahidi olduğunu deyib. Bildirib ki, “Agdam delenda est. Images from Karabakh” kitabı obrazlar vasitəsilə Qarabağın ruhuna səyahətdir.
Kreativ direktor hazırda Azərbaycan hökumətinin azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri apardığını, Qarabağda möhtəşəm və nadir İşğal və Zəfər muzeyləri komplekslərinin inşa olunacağını qeyd edib.
Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçelli Azərbaycanın uzun illərdir Ermənistanın etnik təmizləmə siyasətinə məruz qaldığını, minlərlə azərbaycanlının öz yurd-yuvalarından didərgin salındığını və qaçqın şəraitində yaşamağa məcbur edildiyini bildirib. Qeyd edib ki, Ermənistan işğal dövründə Qarabağdakı maddi-mədəni və memarlıq irsini talan edib, məscidləri və qəbirləri dağıdıb. Azərbaycan tarixi ərazilərini işğaldan azad etdikdən sonra məcburi köçkünlərin öz ata-baba yurdlarına geri qayıtmasını prioritet kimi qoyub.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov isə Azərbaycanın hazırda Qarabağda yenidənqurma və abadlıq-quruculuq işlərini müvəffəqiyyətlə yerinə yetirdiyini deyib. Rəşad Aslanov qeyd edib ki, Ermənistanın otuz ilə yaxın hərbi işğalı dövründə nəinki Azərbaycanın şəhər və kəndlərini talayıb və dağıdıb, eyni zamanda, minalar və digər partlayıcı qurğularla çirkləndirib. İşğaldan azad edilmiş ərazilərimizdəki mina probleminin miqyasının geniş olduğu və Azərbaycan hökumətinin bu təhlükəni aradan qaldırmaq üçün böyük səylər göstərdiyi vurğulanıb. Bildirilib ki, Qarabağdakı mina təhlükəsi münaqişədən sonrakı dövrdə də Azərbaycan vətəndaşlarının həyatı və sağlamlığı üçün böyük təhlükə mənbəyi olaraq qalır. Diplomat “Agdam delenda est. Images from Karabakh” foto kitabının həm Azərbaycanın işğal olunmuş şəhər və kəndlərinin uğradığı erməni vandalizminin nəticələri, həm də azad olunmuş ərazilərdəki bərpa işlərinin İtaliya ictimaiyyətinə çatdırılmasında mühüm vasitə olacağını deyib.
Tədbirdə Fabrisio Kontinin Qarabağda lentə aldığı, işğal dövründən qalan xarabalıqlar və işğaldan sonra bu ərazilərdə aparılan yenidənqurma işlərinə dair videoçarx təqdim olunub. (AZƏRTAC)