22.11.2024, 12:50
AZ EN
23.04.2024, 11:30 386

Sübhanın arzusu anası ilə nişanlısını Şuşaya aparmaq idi

XƏBƏRLƏR
  • Sübhanın atası Arif Əbilov deyir ki, oğlu ilk gündən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlində Füzuli uğrunda döyüşlərdə kürəyindən və baldırından qəlpə zərbələri alıb. Xəstəxanada müalicə olunduqdan sonra anası ondan döyüş bölgəsinə qayıtmamasını istəsə də, “Ana, mənim komandirim yaralanıb, mən burda qala bilmərəm”, deyərək yenidən döyüşə, döyüşçü yoldaşlarının yanına yollanıb.

Sübhan nişanlı idi. Onu doğma anası kimi böyüdüb boya-başa çatdıran Gülarə Ağayeva əvvəlkitək səhərlər evin aynabəndinə çıxaraq asta səslə şəhid balasını çağırır: “Əvvəl səhərlər ev işlərini görərkən Sübhanı çağırırdım, gəlirdi. İndi də səsləyirəm, deyirəm, "Ay Sübhan, soyuqdur axı, bala, evə gəl". Amma Sübhan yoxdur. Nə qədər ki, onun başdaşına şəkli vurulmamışdı, elə bilirdim Sübhan qayıdacaq. Məzarı üstündə şəklini görəndən sonra bildim ki, daha Sübhan gəlməyəcək... Döyüşə gedəndə mənə bayraq verib dedi ki, bunu qapımızdan asarsan, qolundan da saatını açıb verdi, dedi "bunu bağlı bir yerə qoy".

Sübhanın arzusu bu idi ki, nişanlısı ilə anasını Şuşaya aparsın. Ancaq o böyük qələbədən iki gün əvvəl şəhadətə ucaldı...
Sübhanın bacısı Əminə deyir ki, qardaşı sanki şəhid olacağını hiss edərək telefonda atamla danışdı və halallaşdı. “Sübhan şəhid olduqdan sonra döyüş yoldaşları müharibə zamanı çəkilən videoları bizə göndərdilər. Videolardan biri çəkiləndən bir saat sonra Sübhan döyüşdə şəhid olubmuş”.
Sübhan danışanda deyirdi ki, işğaldan azad edilən yerlər cənnət-məkandır.
Bu gün qəhrəman şəhidimiz Sübhan Arif oğlu Əbilzadənin doğum günüdür. O, 1998-ci il aprelin 23-də Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. Nərimankənd kənd tam orta məktəbində orta təhsilini alıb. 2018-ci ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən Vətənə xidmətə başlayıb.
Sübhan Əbilzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Sübhan Əbilzadə 7 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nərimankənd kənd məzarlığında böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Sübhan Əbilzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və  III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər