Nurlanın anası deyir ki, oğlumun qolları ilə qucaqlayıram, onun dodaqları ilə öpürəm nəvəm Nurlanı. Nurlandan Nurlanımın ətrini alıram, iyini ciyərlərimə çəkirəm...
Bu güm Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin doğum günüdür.
1990-cı il iyul ayının 22-də Sumqayıt şəhərində anadan olan Nurlan əslən Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Çölkənd kəndindəndir. Atası 1988-ildə ailəsi ilə birgə doğma dədə-baba torpaqlarından qaçqın düşüblər.
Nurlanın 10 yaşı olanda atası Vətən həsrətilə vəfat edib.
2005-ci ildən 2008-ci ilədək C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alan Nurlan 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2010-cu ildə isə təhsilini davam etdirmək üçün dövlət xətti ilə Almaniya Federativ Respublikasının Hərbi Məktəbinə göndərilmişdir. 2013-cü ildə həmin məktəbi motoatıcı ixtisası üzrə birinciliklə başa vurmuşdur. Almaniyada təhsilini “Buraxılışın ən yaxşı əcnəbi kursantı” sertifikatı və atıcılıq üzrə qızıl nişanla bitirmişdir. Elə ondan sonra "Canavar" ləqəbini almışdı.
Burada hər bir tələbə öz ölkəsinin Milli Ordusunun təqdimatını edirmiş. Nurlan ermənilərin də olduğu zalda Azərbaycan Ordusunun gücü və tarixi haqqında danışıb. İki saatlıq çıxışından sonra əcnəbi tələbələrdən biri deyib ki, hələ də torpaqlarınızın iyirmi faizinin işğalı ilə barışan ordunumu tərifləyirsən?
Bu söz Nurlana bərk toxunub. O gündən sonra düşmənə olan nifrəti daha da artır və “torpaqlarımızı düşmən tapdağından azad etməyənə kimi mənə dincliq yoxdu”-deyə düşünüb.
Qayıdandan sonra leytenant rütbəsi alır və Murova göbdərilir.
Nurlan 2014-2016-cı illər ərzində Murovda motoatıcı tağım komandiri vəzifəsində xidmət etmişdir. 2016-cı ildə "TƏMƏL XÜSUSİ TƏYİNATLI" kursuna daxil olan Nurlan 2017-ci ildə həmin kursu birinciliklə bitirmişdir.
2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlanan gündən Vətən torpaqlarının azad olunması uğrunda döyüşlərə girir.
Anası Rahilə Mustafayeva deyir ki, Nurlan da Polad Həşimov və Başkəndin alınmasında xüsusi xidməti olan ölümündən sonra “Azərbaycan bayrağı” ordeninə layiq görülən həmkəndlisi Rizvan Pirnəzərov kimi daim əsgərlərinin qayğısına qalırmış, onlara əlavə geyimlər də aparırmış... Təlim zamanı ciddi və sərt, lakin təlim bitdikdən sonra hər kəslə dost münasibəti varmış. Murovda atəş pozulanda gizirlərlə birgə düşməni özü susdururmuş, əsgərlərə isə təhlükəsiz yerdə gizlənməyi tapşırırmış mənim igid balam deyir və əlavə edir ki, Nurlan 2020-ci ilin martında çox sevdiyi Günayla ailə qurmuşdu. Bir-birilərini gözəl anlayırdılar, mehriban idilər...
Nurlanın həyat yoldaşı Günay Mustafayeva Nurlan haqqında danışanda gözləri dolur, səsi titrəyə-titrəyə deyir ki, hər dəfə Nurlanı yola salanda, onu qarşılayanda, yəni, hiss eləyirdim ki, hərbçi həyat yoldaşı olmaq nə deməkdi, bu həm şərəfli, məsuliyyətli, həm də çətindir və əlavə edir ki, oğlumuzun olacağını eşidəndə sevincindən yerə-göyə sığmırdı, deyirdi ki, onun haqqında çox gözəl planlarım var... İndi çalışıram ki, Nurlanın istədiyi kimi övladımızı böyüdüm...
Qeyd edək ki, Nurlan şəhid olandan 5 ay sonra oğlu dünyaya gəlib. Adını Nurlan qoyublar...
İgid zabitimiz müxtəlif rayonların və strateji obyektlərin azad olunmasında xüsusi şücaət göstərmiş və 2020-ci il oktyabrın 12-də Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Döyüşlərdə göstərdiyi rəşadət və igidliyə görə "Azərbaycan Bayrağı" ordeni və ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi. Ölümündən sonra oğul övladı dünyaya gəlmişdir.
II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ruhun şad olsun, şəhidim...
Tahirə AĞAMİRZƏ