Kəlbəcər işğal olunanda Məmmədsəfi kənd sakini Rizvan Rzayev on birinci sinifdə oxuyurdu. Ermənilər rayonu üzük qaşı kimi mühasirəyə alanda Məmmədsəfi kənd camaatı qocaları, xəstələri və uşaqları maşınlarla Xanlar rayonuna yola salmışdılar. Rizvan isə atası Mürvət kişi ilə birlikdə aprelin 2-də səhər tezdən yola düşəcəkdi. Amma axşama doğru vəziyyət daha da pisləşdi, gecə ikən kəndi tərk etməli oldular. Maşın yox idi, kənddə qalanlardan 20-25 nəfəri “DT-75” traktoruna qoşulmuş lapetlə yola düşmüşdülər. Yolüstü qonşu Çıraq kəndinə dönərək orada qalan sakinlərdən bir neçəsini də götürdülər. Göyüş kişini, ömür-gün yoldaşı Telli xalanı, qızı Zəminəni, oğlu Çingizi, Səadət arvadla 14 yaşlı nəvəsi Zabil Səfərovu razı sala bilmədilər. Onlar qarlı dağ aşırımlarını keçə bilməyəcəklərinə görə kənddə qalmağı üstün tutmuşdular...
Düşmən gülləsinə tuş gəlməməmək, girov düşməmək üçün gizli yollarla dağları-dərələri aşıb Murovun ətəklərinə çəkilməkdən başqa yol qalmamışdı. Traktor Qanlıkəndi keçəndə aşağıda qızğın döyüş gedirdi, ermənilər evlərə od vurub yandırırdılar. Bir qədər aşağıda Seyidlər kəndinə soxulmuş düşmən əsgərləri palçıqlı yollarla irəliləyən tarktorun qoşqusundakı əhalini görüb onları atəşə tutdular. Sakinlər lapetdən düşərək meşəlik əraziyə qaçdılar.
Hadisənin şahidi olan Rizvan Rzayev həmin anları xatırayır: “Düşmən Seyidlər kəndindən bizi atəşə tutdu, güllələr yağış kimi yağırdı. Lapetdən düşüb meşəyə qaçdıq. Camaat bir-birinə qarışdı, qaça bilənlər meşədə gizləndi, qaça bilməyənlər çayın qırağında yerə uzanıb özlərini qorumağa çalışırdı. Atəş səngiyəndən sonra çayın içindən adlayıb o taya keçmək istəyəndə yaşı 60-dan yuxarı olan qadınlardan birini sel apardı. Əlli iki yaşlı atam, bibim, bibimin qızı və nəvəsi ilə əl-ələ verərək suyu qurşağa çıxan çayı keçib arxadan gələnləri gözlədik. Hamımız qurşağa qədər suya qərq olmuşduq, hava bərk şaxtalı idi, soyuqdan donurduq. Gecənin qaranlığında qayanın dibində oturub dincələrkən ermənilər yenidən bizi atəşə tutdular, güllələr yağış kimi ətrafımıza səpələnirdi. Camaat yenə pərən-pərən düşdü, mən atamgili itirdim, ətrafda heç kəs yox idi, tək qalmışdım. Səhərə yaxın qarın və palçığın üzərində ayaq izləri gördüm, günortaya qədər yola davam etdim...”
Atası, qohumları və həmkəndlilərindən ayrı düşən 16 yaşlı Rizvanın Murovun zirvəsinə qalxaraq Daşkəsənə aşa biləcəyinə gümanı yox idi. Xeyli irəliləyəndən sonra təpənin arxasındakı evlərin bacasından qalxan tüstünü görüb sevinmişdi. İti addımlarla həmin istiqamətə irəliləməyərkən təpənin arxasından çıxan atlı ilə üz-üzə gəlmişdi. Aralarında 600-800 metr məsafə olardı. Rizvan binoklla baxanda atın belindəki yaşlı kişini və tərkində qadın olduğunu görmüdü. Atlı yaxınlaşanda onların Bozlu kəndindən Lətif kişi ilə həyat yoldaşı Xəzangül olduğunu öyrənmişdi.
Təsadüfi görüş Rizvanı çox sevindirmişdi. Həm də ömrünü-gününü bu dağlarda keçirən Lətif kişi Murovdan Daşkəsənə aşan cığırlara yaxşı bələd idi. Onun “qorxma bala, hamımız sağ-salamat gedəcəyik” söyləməsi doğmalarından ayrı düşən yeniyetməyə sanki yeni güc vermişdi. Mümkün qədər irəliləmək və atasıgildən xəbər tutmaq istəyirdi Lətif kişi Murova gedən cığırları göstərəndən sonra onunla sağollaşıb yoluma davam etdi: “Susuzluq kəndinin yaylaqlarından keçib Zalların başının üzərindəki gərdənə çıxdım. Oradakı böyük bir yasamalda 7-8 nəfərin parça-parça olmuş cəsədlərini gördüm. Yarısı hərbi, yarısı mülki adamlar idi, aralarında iki qadın da vardı. Qadınlar çayın yaxınlığında, hərbçilər isə sağ yamacda, yoldan xeyli aralıda yerləşən qayalıq ərazidə qətlə yetirilmişdi. Bir qədər aşağıdakı fermanın yanında ermənilərin tankı görünürdü...”
Rizvan Zallar kəndinin yuxarı hissəsində ətrafa səpələnmiş meyitləri görəndə şoka düşmüşdü, nə edəcəyini bilmirdi. Geri qayıdıb gördüklərini Lətif kişigilə danışmalı, ermənilərin artıq Murovun aşırımını ələ keçirdiyini, yolların bağlandığını onlara xəbər verməli idi. Tərəddüd etmədən üç-dörd saatlıq yolu geri qayıtdı. Yolda gördüklərini Lətif kişiyə danışandan sonra Daşkəsənə aşmaq üçün hansı açırımlardan keçəcəyini öyrənib yenidən Murova doğru üz tutdu...
O, 11 gün gecə-gündüz dayanmadan qarlı dağları aşaraq yol qət edərək aprelin 11-də Gəncə-Xanlar yolunun kənarında Kəlbəcərdən olan məcburi köçkünlər üçün təşkil olunmuş dayaq məntəqəsinə çatdı. “Kəlbəcərlilərin qərargahı” adlanan meydanda toplaşanların sayı-hesabı yox idi. Hamı itkin düşmüş doğmalarını axtarır, işğal zonasında qalanlar barədə yeni məlumatlar öyrənməyə çalışırdı. Yolda doğmalarından ayrı düşən Rizvan atasıgilin mühasirədən sağ-salamat çıxdığını buradakı həmyerliləri vasitəsilə dəqiqləşdirə bilmişdi. O, hələ aprelin 1-dən 2-nə keçən gecə yola düşərkən qonşu Çıraq kəndindən olan Səadət xalanın sonradan işgəncə ilə qətlə yetirildiyini, 7-ci sinifdə oxuyan nəvəsi Zabil Səfərovun isə girov aparıldığını da burada eşitmişdi...
Kəlbəcərin işğalı zamanı 226-sı mülki, 258-i isə hərbçi olmaqla ümumilikdə 484 nəfər qətlə yetirilib, 321 nəfər və ya girov əsir götürülüb, 100-dən çox sakinin taleyi hələ də məlum deyil. Rayonun bütün yaşayış məntəqələri, 13 minədək fərdi mənzil talan edilib, 87 tarixi abidə, 1 muzey dağıdılıb, 29 sənaye, tikinti, 134 mədəni məişət obyekti erməni quldurları tərəfindən xarabazara çevrilib.
Bu gün Kəlbəcər azaddır, işğal zamanı amansızcasına qətlə yetirilmiş yüzlərlə günahsız kəlbəcərlinin qisası alınıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Artıq üç ildir Kəlbəcərin işğaldan azad edildiyi tarixi - 25 noyabrı "Kəlbəcər şəhəri günü" kimi qeyd edilir. Hazırda düşmən tapdağından azad edilən yaşayış məntəqələri yenidən qurulur və cəmi bir aydan sonra Kəlbəcərə ilk köç karvanı yola salınacaq!
Elxan SALAHOV