Belə igidlərimizdən biri də 37 gün komada qaldıqdan sonra şəhidliyə ucalan Elxan Hüseynovdur.
Bu gün Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda canından keçən şəhid MAHHXQ baş kəşfiyyatçı Hüseynov Elxan Maarif oğlunun doğum günüdür.
Əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan Elxan Maarif oğlu Hüseynov 2000-ci il martın 12-də Qaradağ rayonunda anadan olmuşdu. Atası Maarif Hüseynov Cəbrayıl rayonu, Daşkəsən kəndindən, anası Sevil Xəlilova isə Ağdam rayonunun Yusifcanlı kəndindəndir. Elxan orta məktəbi bitirdikdən sonra 2018 -ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda MAHHXHQ əsgər kimi hərbi xidmətini davam etdirmişdir.
Qarabağın azadlığı uğrunda Azərbaycan ordusu sıralarında əməliyyatların ilk günlərindən döyüşlərə qatılan cəsur kəşfiyyatçı Elxan Hüseynov hamımızın mavi ekranlardan dönə-dönə izlədiyimiz Xudafərin körpüsünə üç rəngli bayrağımızı sancıb cənab Ali Baş Komandan İlham Əliyevə məruzə edən qrupun üzvülərindən biri olub. Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib. Zəfərə sayılı günlər qalmış noyabrın 6-da düşmən gülləsinə tuş gələrək yaralanıb. Onu döyüş meydanından təxliyə edən təcili yardım maşını isə minaya düşüb. Yenidən yaralanan Elxanı tapanda onun şəhid olduğunu düşünüblər. İki dəfə əməliyyat olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Elxan uzun müddət komada qaldıqdan sonra dekabrın 13-də şəhidlik zirvəsinə ucalıb.
Elxan Hüseynov ölümündən sonra "Vətən uğrunda", “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ