Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyində təşkil olunan tədbirdə təhsil ocağının direktoru filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov çıxış edərək kitabın elmi və ictimai əhəmiyyətindən danışıb.
Milli Məclisin deputatı siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla araşdırılaraq gələcək nəsillərə çatdırılmasının milli əhəmiyyətini vurğulayıb. O, nəşrin təkcə keçmişi öyrənmək üçün deyil, eyni zamanda gələcəyə doğru strateji baxış formalaşdırmaq üçün də mühüm mənbə olduğunu deyib.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Azad Hümbətovun atası Arif Hümbətov, teleaparıcı Saleh Bağırov və digər çıxış edənlər kitab haqqında fikirlərini bölüşüb, müəlliflərə təbriklərini çatdırıblar. Qeyd olunub ki, "Kəndimizə qayıdırıq" kitabında Qərbi Azərbaycanın kənd həyatını, tarixi, sosial və mədəni aspektlərini hərtərəfli şəkildə araşdırılır. Nəşrdə İrəvan xanlığının Necili kəndinin yaranma tarixi, kənddə mövcud olmuş tayfalar və onların cəmiyyətin formalaşmasındakı rolu, bu elin folkloru, milli dəyərləri, adət-ənənələri və inkişafı tarixi faktlarla diqqətə çatdırılır. Kitabda həmçinin kəndin II Dünya müharibəsi dövrü, sakinlərin deportasiyası, eləcə də I və II Qarabağ müharibələrində kənd sakinlərinin qəhrəmanlığı barədə məlumat verilir. Bundan əlavə, oxucular bu kitab vasitəsilə Necili kəndinin yetirdiyi ziyalılar və milli qəhrəmanlar, alim və siyasi xadimlər haqqında da bilgi ala bilərlər.
Kitabın redaktoru Xəzər Hüseynli, rəyçisi filologiya üzrə fəlsəfə doktoru Səbinə Zeynalovadır.
Hazırladı: Mina RƏŞİD