22.12.2024, 17:27
AZ EN
17.03.2022, 11:10 354

Novruzun gəlişi bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümüdür

XƏBƏRLƏR

Azərbaycanın elə bir regionu yoxdur ki, orada Novruz bayramı təntənə ilə qarşılanmasın. Martın 20-dən 21-nə keçən gecə gündüz ilə gecə bərabərləşir. Ana torpağa nəfəs gəlir, yerin donu açılır, ağaclar bahar suyu içir, təbiət qış yuxusundan oyanır. Yurdumuza, elimizə, obamıza yaz gəlir. İnsanlar böyük təntənə ilə Novruzu qarşılayırlar.

Milli Məclisin deputatı Əminə Ağazadə bunu AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, tarix boyu heç bir qüvvə Novruz adətlərini xalqımızın əlindən almağa, qəlbindən silməyə müvəffəq olmayıb. Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Ə.Ağazadə diqqətə çatdırıb ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi tərəfindən martın 21-i Beynəlxalq Novruz Günü kimi elan olunub.

Deputat qeyd edib ki, təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edilib. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir. Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğandır. Novruz əsrlərdir milli adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümumxalq bayramımızdır.

“Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bizi də bir xalq olaraq birləşdirir, xalqımızda daha möhkəm birlik yaradır və həmrəyliyə xidmət edir”, - deyə Əminə Ağazadə fikirlərini yekunlaşdırıb.

Oxşar xəbərlər