05.02.2025, 19:58
AZ EN
07.03.2024, 11:35 332

Azad edilmiş ərazilərdə özlərinə ev tikmək istəyinlərin müraciətinə baxıla bilər

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların arzusu reallaşa bilər. Bununla bağlı vətəndaşlardan daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması nəzərdə tutulur.

"Vətən səsi" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış məntəqələrinin bərpası və yenidən qurulması ilə bağlı təsdiq olunmuş planlara uyğun aidiyyəti üzrə baxıla bilər.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev mövzu ilə bağlı "Xəzər" TV-yə açıqlamasında deyib ki, vətəndaşları da bərpa quruculuq işlərinə cəlb etməklə Qarabağa qayıdışı və bölgənin inkişafını daha da sürətləndirmək olar. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə, ata-baba yurdunda özlərinə ev tikmək istəyən vətəndaşlara da imkan verilməlidir: "Çünki onların arasında iş adamlar, vəzifəli şəxslər, müəyyən maddi imkanlara malik insanlar var ki, onlar göstərilən yerdə özü üçün ev tikə bilər. Bu, həm də dövlətin yükünün azaldılması, büdcəyə qənaət və işğaldan azad olunmuş ərazilərə köçün vaxtından əvvəl reaıllaşması deməkdir. Hər bir insan istəyir ki, öz ata-baba yurduna qayıtsın və orada mümkün qədər tez məskunlaşsın, özünə lazımi şərait yaratsın".

Millət vəkili deyir ki, vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə yalnız müasir şəhərsalma qaydalarına uyğun evlər inşa edə biləcəklər. Onun fikrincə, bu, büdcə vəsaitinə qənaət edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Çünki hazırda bölgədə bütün layihələr demək olar ki, dövlət hesabına icra olunur: "İşğaldan azad olunmuş ərazilərdə vətəndaşlar özləri üçün evlər inşa etdirə bilər və Nazirlər Kabinetinin hesabatında "bu müraciətlərə baxıla bilər" ifadəsinin yer alması təsadüfi deyil. Bu, həm də təbiidir. Çünki dövlət həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə 12 milyard manat vəsait xərcləyib. Bu il isə 5 milyard vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu, çox böyük vəsaitdir. Həm də nəzərə alaq ki, həmin ərazilərdə 1 milyona yaxın vətəndaş məskunlaşmalıdır".

Xatırladaq ki, Nazirlər Kabinetinin həmin hesabatı  martın 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər