Bunu Birinci Qarabağ müharibəsinin itkin şəhidi Atakişi Atayevin qardaşı Azad Atayev deyib.
Onun sözlərinə görə, A.Atayev həyatda çox aktiv idi: "Uşaqlıqdan hərbçi olmaq fikri var idi. Hərbi xidmətdə ixtisasca tankçı olub".
A.Atayev qeyd edib ki, qardaşının döyüş yoldaşları ilk vaxtlar onun taleyi barədə ailəyə konkret bir şey deyə bilməyiblər: "Sonradan eşitdik ki, başından qəlpə yarası alıb. Sonra isə izinin itdiyi məlum oldu və tapılmadı".
Şəhidin qardaşı onun son döyüş yerinin Naxçıvanlı kəndi olduğunu bildirib.
Qeyd edək ki, A.Atayev 1960-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. O, 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndində itkin düşüb. Onun qalıqları bu gün Bakının Keşlə qəsəbəsində dəfn olunacaq. (Report)