20.09.2024, 12:42
AZ EN
29.11.2023, 15:16 317

Başlıbel faciəsi erməni vandalizminin qaranlıq üzü kimi...

XƏBƏRLƏR

Noyabrın 28-də Bakı Avrasiya Universitetində (BAU) "Erməni vandalizminin qaranlıq üzü: Başlıbel soyqırımı" mövzusunda tələbələr üçün maarifləndirmə tədbiri keçirilib.

"Vətən səsi" xəbər verir ki, tədbir Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi eyni adlı layihə çərçivəsində təşkil olunub. Tədbir torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra İctimai Birliyin sədri, layihə rəhbəri Hüseyn Ələsgərov layihə çərçivəsində görülən işlərdən danışıb. O, layihənin əhəmiyyətindən bəhs edərək bildirib ki, Başlıbel faciəsi erməni işğalının ən ağır səhifələrindən biridir: “Bu baxımdan faciənin araşdırılması və təbliğ edilməsi hər zaman aktuallığını saxlayır”.
 
 BAU-nun dekanı Mütəllim Rəhimli tədbirin əhəmiyyətini qeyd edərək, II Qarabağ savaşında qazandığımız zəfərdən sonra da tariximizin faciəvi izlərinin öyrənilməsinin vacibliyini bildirib.
 
Tanınmış jurnalist, Başlıbel soyqırımının əsas araşdırmaçılarından biri Elxan Salahov bildirib ki, 1993-cü il, aprelin 2-də Kəlbəcər ermənilər tərəfindən işğal edildikdən sonra rayonun Başlıbel kəndində 62 nəfər mühasirədə qalıb: “Onlar aprelin 18-də erməni quldurlarının hücumuna məruz qalmışlar. Qeyri-bərabər döyüşdə 14 nəfər şəhid olmuş, 19 nəfər isə girov götürülmüşdür. Salamat qalan 30 nəfər isə 113 günlük ağır mühasirə mücadiləsindən sonra çətinliklə salamat gəlib çıxa bilmişlər”.
 
Başlıbel ziyalılarının nümayəndəsi, iqtisad elmləri doktoru Aqil Əsədov Başlıbel soyqırımının yalnız bir faciə deyil, həm də qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıb və belə örnəklərin kifayət qədər olduğunu qeyd edib.
 
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl tələbələrin və gənclərin iştirakı ilə belə tədbirlərin keçirilməsini yüksəl qiymətləndirib: “Gənc nəsil belə hadisələrdən xəbərdar olmalıdır ki, onu özündən sonrakı nəsillərə çatdıra bilsin. Həm də təkcə faciələrimizi deyil, xalıqımızın qəhrəmanlıq nümunələrini də öyrənsin”.

Tanınmış hərbi ekspert Üzeyir Cəfərov ermənilərin Qarabağın işğalı zamanı törətdikləri müharibə cinayətlərindən bəhs edib. Bildirib ki, Başlıbel soyqırımı da belə acı nümunələrdən biridir.
 
“Başlıbelin inkişafına dəstək” İctimai Birliyinin sədr müavini Nurəddin  Həşimov, tanınmış jurnalist Sultan Laçın və digər çıxış edənlər erməni vandalizminin çirkin üzünü ifşa etmək üçün belə mövzularda tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyindən danışıblar.

Tədbir sual-cavab əsasında müzakirələrlə davam edib.

Oxşar xəbərlər