22.12.2024, 23:22
AZ EN
11.07.2022, 14:00 205

Türkiyə Millətçi Həkimlər Dərnəyinin üzvü: "Qarabağ müharibəsində şəhid olanların ailələrini yad etmək bizim borcumuzdur"

XƏBƏRLƏR
  • Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd edilib.

Qurbanlıq heyvanların kəsilməsi rayonun Quzanlı qəsəbəsində yeni fəaliyyətə başlayan müasir tipli ət kəsimi məntəqəsində həyata keçirilib. Bayram günlərdə əhalinin təhlükəsiz ət məhsulları ilə təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları burada qida təhlükəsizliyi sahəsində maarifləndirmə və nəzarət fəaliyyəti aparıblar.

Rayonda şahid və qazi ailələrinin, eləcə də sosial dəstəyə ehtiyacı digər vətəndaşların bayram sovqatı ilə təmin edilməsi də diqqət mərkəzində saxlanılıb. Ət kəsimi məntəqəsində bayram aksiyası keçirən təşkilatlardan biri də Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizə gələn Türkiyə Millətçi Həkimlər dərnəyi olub. Artıq 5 ildən çoxdur ki, türkiyəli həkimlər əlamətdar günlərdə Azərbaycanı ziyarət edirlər. Dərnəyin təmsilçiləri müqəddəs Qurban bayramı münasibətilə sakinləri təbrik edib, bayramı Qarabağda keçirməkdən məmnunluqlarını bildiriblər. Bayram bağlamaları əsasən şəhid ailələri, qazilər, məcburi köçkünlər, aztəminatlı ailələr və kimsəsiz insanlara paylanıb.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bu cür aksiyaların ardıcıl olaraq hər il keçirildiyini bildirib: “Əsasən Ağdam, Tərtər, Bərdə, Ağcabədi, Füzuli rayonlarında şəhid ailələri, qazilər, hərbçilər, aztəminatlı ailələr üçün Qurban payı paylanılır. Türkiyənin müxtəlif təşkilatları, o cümlədən Millətçi Həkimlər Dərnəyi müharibə zamanı da Azərbaycana mənəvi dəstək göstəriblər”.

Türkiyə Millətçi Həkimlər Dərnəyinin üzvü Ömər Akber Uysal Azərbaycana 2017-ci ildən başlayaraq səfərlər etdiklərini bildirərək, Qarabağda olarkən özlərini qürbətdə hiss etmədiklərini və ikinci Qarabağ müharibəsində Azərbaycanın yanında olmaqdan qürur duyduqlarını deyib: “Azərbaycan-Türkiyə dostluğunun daha da artması üçün “Bir millət, iki dövlət” şüarı ilə çalışırıq. Qarabağ müharibəsində şəhid olanların ailələrini yad etmək bizim borcumuzdur”.

Türkiyə Millətçi Həkimlər Dərnəyinin digər üzvü Sənan Nur Yetkin isə deyib: “5 ildir ki, burda qurban kəsirik, savaşdan öncə də buradaydıq. Allaha şükür, Qarabağ Zəfərindən sonra da burdayıq. 5 ildir əsasən şəhid, qazi yaxınlarına bayram payı çatdırmağa çalışırıq. Azərbaycandakı bütün insanların bayramını təbrik edirik”.

Aksiya təşkilatçıları növbəti Qurban bayramını yenidən qurulmaqda olan Ağdam şəhərində keçirəcəklərinə əminliklərini ifadə ediblər. (AZƏRTAC)

Oxşar xəbərlər