Cəlilov Devid Raufoviç 2004-cü il fevralın 29-da Xaçmaz rayonu, Köhnə Xudat qəsəbəsində anadan olub. Xudat şəhəri 3 saylı orta məktəbdə təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağırılıb.
Şəhidimizin anası Sevinc Cəlilova deyir ki, 2020-ci il Vətən müharibəsi başlayanda David gəlib dedi ki, ana, məni könüllü aparsalar gedərdim, amma aparmazlar. Sonra dedi ki, mən Mübariz İbrahimov kimi qəhrəman olmaq istəyirəm.
Nəhayət, 2022-ci ilin aprelində hərbi xidmətə yollanan Devid kəşfiyyatçı-tuşlayıcı vəzifəsinə təyin olunur. 19-20 sentyabrda erməni hərbi separatçılarına qarşı lokal-antiteror tədbirlərinə atıcı kimi Devid də qatılır. Ağdamın Papravənd kəndi yaxınlığında yaralı halda belə əsl şücaət göstərir.
Sevinc Cəlilova deyir ki, 19-20 sentyabrda Azərbaycan Ordusunun mənfur düşmənə qarşı başlatdığı lokal-antiterror əməliyyatında Devid də yaxından iştirak edib. Qızğın döyüşlər gedib, o, döyüş vaxtı qəlpə yarası alıb, amma onu geriyə göndərilməsinə qəti etiraz edib və yarasını bağlayıblar, belə bir vəziyyətdə yaralı döyüş yoldaşlarını neytral zonadan çıxarıb.
Döyüş tapşırığını uğurla yerinə yetirən Devid Cəlilov hərbi xitmədinin başa çatmasına 10 gün qalmış Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal-antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhidlik zirvəsinə yüksəlib.
Atası Rauf Cəlilov oğlunun lokal-antiterror əməliyyatında iştirak etməsi və yaralı olmasına baxmayaraq, döyüş yoldaşlarını xilas etməsi ilə fəxr etdiyini, oğlunun şəhidliyi ilə qürur duyduğunu bildirib.
Ailənin son beşiyi, iki bacının yeganə qardaşı idi Devid. Bəlkə də buna görə ərköyün böyümüşdü. İdmana və musiqiyə marağı var idi. Hamı onu mehriban, vətənpərvər, mərd bir oğul kimi tanıyırdı.
Qəhrəmanımız bundan sonra yaddaşlarda hər zaman gülümsəyən şəkilləri, döyüş meydanındakı şücaəti və 19 yaşında qazandılğı şəhidlik adı ilə qalacaq.
Tahirə AĞAMİRZƏ