09.06.2025, 16:50
AZ EN
28.02.2024, 09:23 348

Bu gün şəhid Elman Həsənovun doğum günüdür

XƏBƏRLƏR
  • Elman evin tək oğlu idi, bir bacısı var. Ancaq buna baxmayaraq o, Vətənin müdafiəsini hər şeydən üstün tutdu. Muddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət edirdi, snayper, kəşfiyyatçı idi. Elman müharibənin ilk günündə şəhadətə ucaldı, övladları bu gün də atalarının yolunu gözləyirlər...

Bu gün Vətən müharibəsi qəhrəmanlarından olan şəhid əsgər Elman Mehman oğlu Həsənovun doğum günüdür. O, 1993-cü il fevralın 28-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini qüsursuz yerinə yetirən Elman sonra müddətdən atrıq hərbi qulluqçu kimi yenidən Vətənə xidmətə başlayıb.  

Azərbaycan Ordusunun igid əsgəri olan Elman Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində  mərdliklə iştirak edib. E.Həsənov Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib. Yaralansa da döyüşdən çıxmayıb və əsgər yoldaşlarını təhlükədən xilas edib.

Elman Həsənov müharibənin ilk günündə 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qarşı tərəfin atdığı artilleriya mərmisi nəticəsində şəhadətə ucalıb. Onun döyüş yolu qısa olsa da müharibədə həlledici məqamlarda Elmanın xüsusi xidmətləri danılmazdır.

Şəhidimiz sentyabrın 28-də Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elman Həsənov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə  təltif edilib.

Elman Həsənovun evində 2 oğul övladı böyüyür. Onlar atalarının bir gün geri dönəcəyinə inanırlar.

Nə qədər ağrılı olsa da Elman Həsənovun doğmaları onunla qürur duyur, Vətən uğrunda şəhadətə ucalması ilə təsəlli tapırlar...

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər