Ə.Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Araz Yağlıvənd kəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Xələfli kənd məktəbində (1969–1977), sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb (1977–1980). Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub (1980–1982). Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyub (1985–1990).
1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb. 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayından “Azərbaycantelefilm”in baş redaktor müavini vəzifəsində çalışıb, eyni zamanda, “Soy" dərgisinin baş redaktoru olub.
Ənvər Çingizoğlu folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparırdı. Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar, səbədli filmlər ssenarisi və s.-nin müəllifidir.
Mərhum Füzuli rayonunun Araz Yağlıvənd kəndində dəfn olunub.
Allah rəhmət eləsin.