Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, burada üzümçülük və şərabçılığın müasir inkişaf mərhələsi keçmiş SSRİ dövründə başlayıb. Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən qısa müddət sonra isə bu sahədə əsaslı dönüş yaranıb.
Lakin Ermənistanın ölkəmizə təcavüzü nəticəsində işğala məruz qalmış bölgədə 43 min hektar məhsuldar üzüm bağları məhv edilib, üzüm emalı zavodları işğalçılar tərəfindən dağıdılıb. Ərazilərimizin işğaldan azad edilməsi bu bölgədə üzümçülük və şərabçılığın yenidən inkişafına və müasir tələblər səviyyəsində qurulmasına zəmin yaradıb. Qarabağın əlverişli coğrafi mövqedə yerləşməsi, fərqli iqlim xüsusiyyətləri ilə əhəmiyyətli bir üzüm istehsalı mərkəzi potensialına sahibdir.
Hazırda Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya bağında Qarabağa məxsus 20-dən artıq üzüm sortu qorunub saxlanır.
Kitab Qarabağ İqtisadi Rayonunda üzümçülük və şərabçılığın elmi əsaslarla bərpasını təmin etmək məqsədilə müasir tələblərə uyğun olaraq hazırlanıb. Kitabda Qarabağ bölgəsində üzümçülük, mövcud vəziyyət, becərilmiş sortlar və üzümçülüyün bərpası prinsipləri geniş şəkildə öz əksini tapıb.
Kitab Qarabağ İqtisadi Rayonunda üzümçülük və şərabçılığın bərpası ilə məşğul olan istehsalçılar, elmi işçilər, aqrotexniklər, magistrlər, doktorantlar və turizm bələdçilərinin istifadə edə biləcəyi qiymətli mənbədir. (AZƏRTAC)