22.11.2024, 07:46
AZ EN
28.09.2022, 15:50 205

O, Ərgünəşi də, müqəddəs zirvəni də 20 yaşında fəth etməyi bacardı

XƏBƏRLƏR
  • Səxavət yeganə övladım idi. Əsgərlikdən 8 ay idi ki, gəlmişdi. Müharibə başlayandan iki gün sonra könüllü yola düşdü. Doğrusu, tək uşaq idi deyə getməyini istəmirdim. Müharibənin onu məndən alacağına dair içimdə təlaş var idi. Lakin pis fikirləri eynimə gətirmək istəmirdim. Deyirdim, ağır yaralı kimi də olsa, salamat qayıdacaq. Təəssüf ki, övladım üçrəngli bayrağa bükülmüş halda gəldi. İyirmi yaşında müqəddəs zirvəni fəth etməyi bacardı.

Vətən müharibəsi şəhidi Səxavət Abbasovun anası Maisə Abbasova belə deyib. O, söhbətinə davam edib: “Səxavət çox şən, zarafatcıl uşaq idi. İdmana, musiqiyə marağı var idi. Yunan-Roma güləşi ilə məşğul olmuşdu. Gitarada ifa edə bilirdi. Ən çox retro musiqilərə qulaq asırdı. O qədər ağıllı danışırdı ki, bəzən elə bilirdim qarşımdakı 20 yaşlı gənc yox, qocaman bir insandır. Maddi-mənəvi sərvətlərimizi qorumağın vacibliyindən, bayrağımızı yüksəklərə qaldırmaqdan bəhs edərdi. İyirmi yaşında bunu bacardı. Həm işğalda olan torpaqlarımızı düşməndən xilas edib, adını sərvətlərimizi əsarətdən qurtaranların siyahısına yazdırdı, həm də bayrağımızı həmin ərazilərdə dalğalandıranlardan biri oldu. Səxavət kimi oğulların sayəsində mədəniyyət beşiyimiz Şuşa uzun illərdən sonra doğma musiqiyə, muğama qovuşdu...

Onunla sonuncu dəfə oktyabrın 3-də danışdım. Mənə irəlilədiklərini və hər döyüşdən qalib ayrıldıqlarını fəxrlə deyirdi. Mənə elə təsəlli verirdi ki, sanki odun-alovun içində olan o deyil, mənəm. Deyirdi “narahat olma, mən qayıdacağam. Mənimlə fəxr edəcəksən”. Dediyini də elədi. Çox az əlaqə saxladığından hansı ərazilərdə döyüşdüyü barədə çox məlumatım olmurdu. Lakin döyüş yoldaşları onun haqqında elə sözlər dedilər ki, övladımla ikiqat fəxr elədim. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak edən Səxavət qorxmazlığı ilə seçilib, öndə getməkdən çəkinməyib. Mərdliyi ilə hamının hörmətini qazanıb. Oktyabrın 20-də Xocavənd rayonunda Ərgünəş dağı ətrafında gedən ağır döyüşlər zamanı son nəfəsinə kimi mübarizə aparıb. Oğlum qəhrəmancasına döyüşərək şəhadətə yüksəlib. Səxavətə haqqımı halal edirəm, o öz əməlləri ilə mənim üzümü iki dünyada da ağ elədi. Mən övladımdan razıyam, Allah da ondan razı olsun”.

Vətən müharibəsi şəhidi Səxavət Abbasov Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Ölkə başçısının sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR