21.11.2024, 20:01
AZ EN
18.01.2024, 19:10 270

Ankarada 20 Yanvar şəhidləri anılıb

XƏBƏRLƏR
  • Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə Ankarada 20 Yanvar faciəsi şəhidlərinin anım tədbiri keçirilib.

TADİV-in “Şuşa” konfrans mərkəzi”ndə keçirilən tədbirdə şəhidlərin xatirəsi yad edildikdən sonra Azərbaycan və Türkiyənin milli himnləri səsləndirilib.

Mərasimdə 20 Yanvar faciəsinə həsr olunmuş qısa film və Türkiyənin İqdır vilayətində keçirilmiş Azərbaycana dəstək mitinqinin görüntüləri nümayiş etdirilib.

TADİV rəhbəri, professor Aygün Attar bildirib ki, hər il anım tədbiri ilə bu faciə Türkiyədə də xatırlanır və artıq bir neçə ildir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun təşəbbüsü ilə "Kədərdə, qədərdə çiyin-çiyinə" adı altında keçirilir, bununla həm də Türkiyədə Vətən uğrunda şəhid olanların xatirəsi anılır.

Mərmərə Qrupu Strateji Tədqiqatlar Mərkəzinin sədri Akkan Süver Azərbaycanın 20 Yanvar tarixini əsla unutmayacağını, 30 il işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə şəhidlərinin ruhunun şad olduğunu qeyd edib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım 20 yanvar tarixinin Azərbaycanın müstəqillik tarixinin əsasını qoyduğunu vurğulayaraq, şəhidlərin qanı və canı ilə əldə edilən bu müstəqilliyin daimi olacağına əminliyini ifadə edib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ölkəmizin müstəqilliyini əldə etdikdən sonra ərazi bütövlüyü uğrunda uzun müddət mübarizə apardığını vurğulayıb və bu müqəddəs amal üçün canlarından keçmiş şəhidləri ehtiramla anıb.

Tədbirin davamında 20 Yanvar faciəsinə həsr olunmuş sərginin açılışı edilib.

Anım tədbirində Türkiyədən dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar və təhsil alan hərbçilər iştirak ediblər. (Report)

Oxşar xəbərlər