23.12.2024, 09:13
AZ EN
13.01.2024, 17:51 242

CBC telekanalının çəkiliş qrupu Ağdam və Xirosimanın tarixlərinin bənzərliyindən söhbət açan film hazırlayıb

XƏBƏRLƏR
  • CBC telekanalının efirində “Ağdam-Xirosima: sülh naminə dirçəliş” adlı sənədli film yayımlanıb.

Ekran əsərinin müəllifi, aparıcı Anastasiya Lavrina Yaponiyanın 1945-ci ildə amerikalıların atdığı atom bombası ilə yer üzündən silinən Xirosima şəhəri ilə Azərbaycanın 28 illik erməni işğalı dövründə dağıdılan Ağdam şəhəri arasında müqayisə aparır.

Filmin çəkilişləri Yaponiyada – Xirosima, Tokio şəhərlərində və Azərbaycanın ermənilər tərəfindən törədilən dağıntıların miqyasına görə işğaldan azad olunandan sonra dərhal “Qafqazın Xirosiması” adını alan Ağdam şəhərində aparılıb.

Sənədli filmdə bir vaxtlar Xirosimada da olduğu kimi Ağdamda aparılan bərpa-tikinti işləri, infrastrukturun bərpası, tarixin qorunub saxlanılmasının vacibliyi və sakinlərin doğma yurdlarına qayıtmasından bəhs olunur.

Müəllif Anastasiya Lavrina bildirib ki, bu işdə Yaponiyanın Xirosimanın dirçəlişi üzrə təcrübəsini regionda sülhün rəmzi kimi göstərmək onun özü və komandası üçün çox vacib idi. O deyib: “Azərbaycan üçün bu təcrübə şübhəsiz, çox vacibdir, axı biz hələ ərazilərin minalardan təmizlənməsi və Ağdamın bərpası kimi uzun yol qət etməliyik. Şəhəri praktik olaraq, yenidən qurmaqla ölkəmizin rəhbəri müharibə səhifəsini çevirməyə çalışır. Lakin, eyni zamanda, Yaponiyanın Xirosima şəhərində olduğu kimi, biz bir vaxtlar Qarabağın çiçəklənən şəhərində erməni işğalı illərində nə baş verdiyi barədə xatirəni əbədi yadda saxlayacağıq”.

Filmin premyerası yanvarın 12-də olub. 1979-cu ilin həmin günü Ümummilli Lider Heydər Əliyev Ağdam-Xankəndi dəmir yolu xəttinin açılışında şəxsən iştirak edib. Bu dəmir yolu xətti nəinki logistikanı yaxşılaşdırmağa, həm də regionun iqtisadi göstəricilərinin əhəmiyyətli şəkildə artmasına imkan verirdi.

Bununla bağlı qeyd etmək yerinə düşər ki, 2024-cü ildə Ağdam-Xankəndi yeni dəmir yolu xəttinin tikintisinə start veriləcək. (AZƏRTAC)

Oxşar xəbərlər