18.10.2024, 11:36
AZ EN
09.01.2024, 14:22 301

Bağırovlar ailəsi Xankəndinə gedəcəkləri günü səbirsizliklə gözləyirlər

XƏBƏRLƏR
  • Məlik Paşayev küçəsi ev 29. Ünvan bir vaxtlar Xankəndiyə aid olub. İndi də ordadır. Sadəcə küçənin adı dəyişib, ev sahibləri isə Bakıda yaşayır.

Bağırovlar ailəsi Xankəndini son  tərk edənlərdəndir.  Öz doğma yurdlarında qalmaq üçün çox mübarizələr aparıblar. Amma erməni şovinizmi milliyyəti azərbayvanli kimi bu ailəni də  yurdundan didırgin salıb. İndi isə kədər, ağrı, acı arxada qalıb. Bu il Xankəndi, Xocalı sakinləri də öz doğma yurdlarına qayıtmalıdırlar. Bağırovlar da o günün həsrətilə yaşayırlar. Xankəndinə dönəndə əhdləri də var.

Bu günlərdə İctimai Televiziyanın Bağırovlar ailəsindən hazırladığı reportaj diqqətimiz çəkdi.

Xankəndi sakini Solmaz Bağırovanın dediyinə görə onlar Xankəndinin gözəl mənzərəli yerində,  Məlik Paşayev 29 ünvanında yaşayıblar.

Xankəndi sakini Tahir Bağırov oğlu Üzeyir 3 yaşına keçəndə ordan çıxmaları barədə danışır və qeyd edir ki, indi oğlum 38-ə keçib. Mənim isə 39 yaşım vardı, indi 74 yaşına keçmişəm.

Xankəndi sakinləri evlərindən çıxanda özləri ilə götürdükləri şəkilləri bir-bir diqqətdən keçirir, onlar üçün unudulmayan xatirələrindən söz açırlar. Bağırovlar ailəsi 34 ildir Xankəndindən ayrılıblar.  Amma illər ötsə də, yaşlarının üstünə yaş gəlsə də,  heç nə onların yurd sevgisini azalda bilməyib. Daim o doğma torpaqlarının şirin xatirələri ilə yaşayıblar.

Tahir Bağırov söhbət əsnasında vurğulayır ki, Xankəndində 16 min azərbaycanlı yaşayırdı qeydiyyatda. Eləsi də vardı qeydiyyatı yox idi. Orda universitetimiz vardı, dəmir yolu stansiyası açılmışdı Ulu Öndərimizin dövründə. Elə kəndlər vardı ki,  orda heç erməni yaşamırdı. Məsələn, Kosalar kəndində erməni yaşamırdı. 1988-ci ilin fevral ayından hadisələr başladı. Bizə qarşı nümayişlər, azərbaycanlıları incitmək, iş yerlərindən qovmaq, hədələmək halları baş verdi.

Qeyd edək ki, Bağırovlar ailəsi əslən Kosalar kəndindəndir. Bu kənd əvvəllər Şuşa qəzasının, 1930-1978-ci illərdə Xankəndi, 1978-1991-ci illərdə Əskəran,  1991-ci ildən isə Xocalı rayonunun tərkibinə daxil edilib.

Tahir Bağırov bildiri ki, 1988-ci ildən sonra mən orda dinc erməni görmədim. Yəni şəhərin bütün məhlələrində nümayişlər edirdilər, küçələrdə çadırlar qururdular, Zori Balayanın, orda yaşayan koçaryanların, sərkisyanların çıxışlar edirdilər,  hamısı bizə qarşı, Azərbaycan türklərinə qarşı idilər, deyirdilər ki, Qarabağ bizimdir. Hələ onda heç “arsaxt” sözü işlətmirdilər.

Tahir dayı 74 yaşı olsa da Xankəndi ilə bağlı hər xırda detallar xatirində saxlayıb.O, deputat vəsiqəsini də saxlayıb. 1977-1979-cu illərdə vilayət sovetində çalışıb. Həyat yoldaşı Solmaz xanım isə ayaqqabı fabrikində on il işləyib. Solmaz xanım  Xankənidin tərk edənə qədər orda işlədiyini vurğulayır və qeyd edir ki, e1988-ci ildən ermənilər qoymurdular işləməyə: “Əmək kitabçasını götürməyə getmişdik, həmin o tikəmizi, konfetimizi belə yarı böldüyümüz ermənilər gördük ki, bizə qarşı pis hərəkət edirlər, bizə qarşı çıxırlar, dava edirlər, üzümüzə qarşı hər cür nalayiq söyüşlər edirlər”.

Bağırovlar ailəsi bu günə kimi Xankəndindəki evlərinin sənədlərini də saxlayıblar. Solmaz xanım deyir ki, sənədlərini götrdük ki, hər ehtimala qarşı  lazım olar. Yəqin bu günkü gündə də lazım olar. Burda bizim ünvanımız qeyd olunub. Bağırovların qohumu Birinci Qarabağ müharibəsində Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edən Ramiz Ağayev də Xankəndiyə qayıdacağı günü gözləyənlərdəndir. O, 1981-ci ildən Xankəndində İpək kombinatında işləyib.

Qarabağda baş qaldıran erməni şovinizminin şahidlərindən olan Ramiz Ağayev həmin günləri belə xatırlayır: “1987-ci illərdə artıq  biz gördük ki, ermənilər bizə qarşı öz nifrət hisslərini biruzə verirlər. Ona görə də 87-88-ci illərdən başladılar fabrik və zavodlardan azərbaycanlıları çıxartmağa. İstər-istəməz azərbaycanlılar məcbur idi ki, oranı tərk etsinlər”.

Şəkildə görünən bu balaca oğlan da xankənilidir. Lakin o, ömrünün ən gözəl çağlarını öz yurdunda  yaşaya bilməyib. Üzeyir Bağırov 1987-ci ildə Xankəndi şəhərində anadan olub. Uşaqlığını, gəncliyini orada yaşaya bilmədiyinə görə təəssüf hissi keçirir. 2 yaşında ailəsi ilə birgə doğma torpaqlarını tərk etdiyini acı xatirə kimi yaddaşında saxlasa da, bu gün Xankəndidə Azərbaycanın üç rəngli bayrağının dalğalanmasına görə qürur və sevinc hissi keçirir və deyir ki, səbirsizliklə qayıdacağımız günü gözləyirik. Allahın köməkliyi ilə bu yaxın vaxtlarda biz də doğma yurdumuza, Xankəndimizə dönəcəyik.

Tahir Bağırov kövrək hislərlə fikrini ifadə edərək bildir ki, o günü həsrətlə gözləyirik: “Mən əhd eləmişəm ki,  sağ qalıb ora getsəm, öz həyətimizdə ayaqyalın oynayacam. Mənim nəvələrim burda doğulub, amma ora getmək üçün çox darıxırlar, həmişə soruşurlar ki, baba nə vaxt gedəcəyik ora”?

Biz isə onların sualına cavab olaraq deyə bilərik ki, çox az qalıb. Tarixi şəhərimizin yeni dövrü başlayır...

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər