Kitab Bakı şəhəri İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi çərçivəsində hazırlanıb. Layihənin rəhbəri və ön sözün müəllifi Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, nəşrin elmi redaktoru tarix elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı Kərim Şükürovdur.
Kitab Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə - 2020-ci il sentyabrın 27-də başlanmış və işğal edilmiş topraqlarımızın azad edilməsi, Azərbaycanın tarixi Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsinə həsr edilib.
Kitabda Birinci Qarabağ müharibəsi, həmin müharibədə məğlub olmağımızın səbəbləri, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və milli ordu quruculuğuna dair fəaliyyəti barədə söhbət açılıb, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə strategiyasının əsas istiqamətləri işıqlandırılıb, Qələbə salnaməsi və İkinci Qarabağ müharibəsi dövrünün diplomatiyası öyrənilib. Azərbaycanın tarixi qələbəsinin geosiyasi nəticələri və müharibədən sonra dövrdə Prezident İlham Əliyevin Qarabağın sosial-iqtisadi inkişafı sahəsində strategiyası da geniş işıqlandırılıb.
Oxucular Vətən müharibəsində Qələbə salnaməsi ilə ətraflı tanış ola biləcəklər.
Kitaba ön sözdə Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edir ki, bu 44 günlük müharibədə qələbəmizi təmin etmiş amilləri və Vətən müharibəsinin gedişini nəzərdən keçirəndə şəxsiyyət amillinin tarixdə necə mühüm rol oynadığını aydın başa düşürük. Eldar Əzizov vurğulayır: “İlham Əliyevin fəaliyyətini nəticələri onun böyüklüyünü xarakterizə edir. Uğurlu iqtisadi islahatlar keçirilməsi, güclü iqtisadiyyat və onun əsasında müasir qüdrətli ordu yaradılması İlham Əliyevin dövlət başçısı vəzifəsində fəaliyyətini əks etdirən əsas amillərdir. Onun beynəlxalq arenada zəruri hüquqi baza yaradılması üzrə ardıcıl işini də xüsusi qeyd etməliyik. Beləliklə, deyə bilərik ki, Azərbaycan dövlətinin İlham Əliyev tərəfindən yaradılmış siyasi və iqtisadi modeli ağır sınaqlardan uğurla çıxıb və özünün həyat qabiliyyətini tam şəkildə nümayiş etdirib”.
Ön sözün müəllifi daha sonra yazır ki, Böyük Qələbə İlham Əliyev fenomenini yeni tərəfdən işıqlandırıb. Bu, təcrübəli beynəlxalq siyasi qrossmeyster və istedadlı hərbi strateq keyfiyyətlərini özündə birləşdirən iradəli və qətiyyətli lider fenomenidir.
Kitabın yaradılmasına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəhbərliyi də kömək göstərib.