22.09.2024, 02:58
AZ EN
13.12.2023, 16:30 200

Laçının Güləbird kəndinin bərpasına başlanır

XƏBƏRLƏR

Laçın rayonunun Güləbird kəndinin yenidən qurulması üçün hazırlıq işlərinə başlanıb.

"Vətən səsi" xəbər verir ki, həmin kəndin yenidən qurulması ilə əlaqədar söküntü işlərini aparan şirkət də müəyyənləşib. Belə ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun bununla bağlı elan etdiyi tenderə yekun vurulub. Tenderin nəticələrinə uyğun olaraq Laçın rayonunun 581 ailəlik (birinci mərhələdə -150 ailəlik) Güləbird kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işlərini “Rabitə İnşaat” ASC yerinə yetirəcək.  Görülən işlərin müqabilində tenderin qalibi olan “Rabitə İnşaat” ASC dövlətdən 1 milyon 472 min 200 manat alacaq.

Xatırladaq ki, Güləbird kəndinin təməli bu ilin mayında Prezident İlham Əliyevin Laçına səfəri zamanı qoyulub.

Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək. Burada, həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək. Kənddə klub icma, ailə sağlamlıq və idman sağlamlıq mərkəzləri və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. Burada istirahət parkı salınacaq, idman və uşaq meydançaları yaradılacaq, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Elxan SALAHOV

Oxşar xəbərlər