22.11.2024, 18:31
AZ EN
21.09.2023, 08:00 218

Kaş bütün dünyada sülh olsun

XƏBƏRLƏR
  • Bu gün dünyada Sülh günüdür. Əlamətdar gün ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı. 

21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.

Bu gün Yevlax şəhərində Azərbaycan Respublikası hökumətinin nümayəndələri ilə Ermənistanın işğalından qurtulmuş Xankəndi şəhərinin azadlığa çıxmış sakinlərinin təmsilçiləri arasında görüş keçiriləcək.

Tanınmış jurnalist, şair Kərim Kərimli FB səhifəsində bu görüşün məhz bu günə təsadüf etməsinin əslində təsadüf olmadığını bildirib: “21 sentyabr Beynəlxalq Sülh günüdür və Ermənistan işğalçılarının, terrorçuların və yaraqlıların Azərbaycan ərazisindən tamamilə çıxarılmasından sonra əsası Beynəlxalq Sülh günündə qoyulan proses, ümid edirik ki, dönməz xarakter alacaq və nəhayət ki, yurdumuza və bölgəmizə həmişəlik sülh gələcək...”

Kaş bütün dünyada, bizim sülhsevər ölkəmizdə də, həmişə sülh, əmin-əmanlıq olsun.

Mina RƏŞİD

Oxşar xəbərlər