21.11.2024, 22:06
AZ EN
01.07.2023, 21:44 237

Xəzər rayonunda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib

XƏBƏRLƏR
  • Xəzər rayonunda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirdə polis idarəsinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və polis veteranları iştirak ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xəzər rayonu ərazisində ucaldılan abidəsini, daha sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər, önünə gül dəstələri düzüblər.

Xəzər Rayon Polis İdarəsində davam edən tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimov iştirakçıları salamlayaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrik məktubunu şəxsi heyətə çatdırıb. Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümünün qeyd edildiyini vurğulayan Ə.İbrahimov Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai təhlükəsizliyin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib. Bu gün də dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edib.


Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, xalqımızın milli maraq və mənafelərinin, ölkə daxilində ictimai təhlükəsizliyin və əmin-amanlığın, insanların hüquq və azadlığının qorunmasında danılmaz rolu olan polis orqanlarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. 44 günlük Vətən Müharibəsinə toxunan E.Salahov Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olduğunu qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarını təbrik ediblər. Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman və digər mükafatlar təqdim olunub. ("AZERTAC")

Oxşar xəbərlər