20.10.2024, 01:38
AZ EN
24.11.2023, 12:13 281

Qalib bizik

XƏBƏRLƏR
  • Osman qəhrəman oğullarla birgə torpaqlarımızı bir-bir işğaldan azad etdikcə sevincini doğmaları ilə paylaşırdı. O, Birinci Qarabağ Müharibəsi veteranı, keçmiş polis işçisi olan atası Natiq Manafovun da arzularının həyata keçdiyinə sevinirdi…

Anası deyir ki, Osman ortancıl oğul olsa da, o mənim dərd ortağım idi. İndi onun yoxluğuna inana bilmirəm. Gözüm qapıda qalır, elə bilirəm ki, balam qayıdacaq…

Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri - Osman Natiq oğlu Manafovun bu gün doğum günüdür. O, 1991-ci il noyabrın 24-də Bakıda Suraxanı rayonunda doğulub. Orta təhsilini Bakı şəhərində 90 saylı tam orta məktəbində alıb. Məktəbin ictimai işlərində fəal olan Osman müəllimlərinin, yoldaşlarının sevimlisi olub. Ailənin ikinci övladı kimi səbir və təmkini ilə seçilib.

Osman məktəb illərində idmana böyük maraq göstərib, daha çox əlbəyaxa döyüş növləri ilə məşğul olub, müxtəlif yarışlarda iştirak edərək qalib gəlib. Ali təhsilini Gürcüstanda alan Osman, 2014-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. O, bir əsgər kimi 2016-cı ildə Aprel döyüşlərində iştirak edib.

Osman Manafov 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsinin ilk günündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb, yoldaşları ilə düşmənə ağır itkilər verib.

O, oktyabrın 27-də qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdihamla dogma Bakıda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən Osman Manafov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin ölməz xatirəsini əbədiləşdirmək məqsədilə doğulub boya-başa çatdığı Suraxanı rayonunda adına bulaq-abidə kompleksi inşa edilib.

Osman 7 il əvvəl əhd-peyman bağladığı xaımla ailə qurmuşdu. İndi  Osmanın atasının adını verdiyi Natiq adlı oğlu Vətənə yadigardır.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, qəhrəman oğul!

Mina RƏŞİD

Oxşar xəbərlər