22.11.2024, 02:33
AZ EN
22.11.2023, 14:03 310

Qarabağda məşğulluq imkanları: hökumət yeni sənəd üzərində işləyir

XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazilərdə məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi üçün hazırlıq işlərinə başlanıb. Artıq bununla bağlı müvafiq dövlət və hökumət nümayəndələrinin iştirakı ilə bir neçə istiqamətdə müzakirələr aparılıb, təkliflər toplanaraq aidiyyəti üzrə təqdim olunub.

İqtisadiyyat Nazirliyindən "Vətən səsi"nə verilən məlumatda belə deyilir. Bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi ilə bağlı təsdiq olunmuş Dövlət proqramları və hüquqi-normativ qaydalar hazırda icra olunmaqdadır. Belə ki, işğaldan azad edilmiş ərazilərin dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Sözügedən Dövlət Proqramı üzrə müəyyən edilən məqsədyönlü və genişmiqyaslı tədbirlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

"Dövlət Proqramının prioritet istiqamətlərindən biri də əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması, eləcə də dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyasıdır", - deyə nazirlikdən bildirilib.

O da qeyd olunur ki, Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrinə geri qaytarılması planlaşdırılan əhalinin dayanıqlı məşğulluq imkanlarının, eləcə də bilik və bacarıqlarının əmək bazarının tələblərinə uyğunluğunun artırılması məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2023-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” hazırlanır. Tədbirlər Planında məşğulluq imkanlarının qiymətləndirilməsi və vakansiyalar üzrə işin aparılması, məskunlaşan əhalinin peşə hazırlığının və tədrisinin təşkili, özünüməşğulluq proqramının təşkili və digər istiqamətlər üzrə işlərin görülməsi nəzərdə tutulur.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR