Bu sözləri jurnalistlərə Laçın rayonu, Zabux kənd sakini, keçmiş məcburi köçkün Gülnarə Rəsulova deyib.
“Laçına qayıdışıma bağlı sevinc hisslərimi dillə ifadə etmək mümkün deyil. Gərək o hissi özün yaşayasan. Çünki biz oradan erkən yaşlarımızdan çıxmışıq. Amma indi ora övladlarımla, nəvələrimlə qayıdıram. Bu, mənimçün o qədər gözəl andır ki, onu dilə gətirə bilmirəm.
Cənab Prezidentimiz İlham Əliyev sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Biz onların qanı, canı bahasına alınan yurdumuza qayıdırıq. Torpaqlarımız onların qanı bahasına alınıb. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah bütün şəhid analarına səbir versin”, - G.Rəsulova deyib.
O, hisslərini cilovlaya bilməyib: “Artıq həyəcan hissi keçirirəm ki, o yerləri necə görəcəyəm. Mən Laçında anadan olmuşam, orada da oxumuşam. Həyat yoldaşım zabuxludur. Laçının hər yerini tanıyıram. Çox həyəcanlıyam, bu, qeyri-adi hissdir”. (Report)