22.11.2024, 13:40
AZ EN
14.11.2023, 12:00 309

Səni Ağdama, babamın məzarını ziyarətə aparacam...

XƏBƏRLƏR
  • İkinci Qarabağ Müharibəsi şəhidi, əsgər Orxan Salehov 1999-cu il noyabrın 14-də Şamaxı şəhərində anadan olub. 2006-2017-ci illərdə 10 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Salehov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb.

Orxan Salehov oktyabrın 14-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdihamla Şamaxı şəhərində Yeddi Günbəz məzarlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına  əsasən Orxan Salehov ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda" medalları ilə təltif edilib.
Qeyd edək ki, Orxanın anası Ağdamda doğulub. Orxan “Səni babamın məzarını ziyarət etməyə aparacam”, deyə anasına söz vermişdi. Sözünü canı, qanı bahasına yerinə yetirən Orxan Salehov Vətən müharibəsinin qəhrəmanlarından birinə çevrildi.
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan şəhidimizin atası Fikrət Salehov oğlu ilə qürur duyur. Çünki atasının, əmisinin uğrunda döyüşdüyü torpaqlarımızı düşməndən Orxan kimi oğullar azad elədi.

Nənəsi deyir ki, Orxan mənim iki gözümdü, onu Vətən üçün böyütmüşük, Vətən sağ olsun!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhid – Orxan balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər