General Polad Həşimovun şəhid olması bütün vətənsevər gənclərimiz kimi Akifi də sarsıdıb. 2020-ci ilin avqust ayında Qarabağ yürüşünə qoşulan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılıb. Sentyabrın 21-dən Daşkəsəndə təlimlərə cəlb olunub. Sentyabrın 27-də başlanan Vətən müharibəsinə Akif artıq hazır idi. O, Suqovuşan və Füzuli uğrunda mərdliklə döyüşüb. 2020-ci il oktyabrın 25-də Füzuli istiqamətində gedən qanlı savaşlarda qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdihamla Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə şəhid Akif Cabbarov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Doğmaları deyirlər ki, Akif həmişə torpaqlarımızı azad etmək üçün sona qədər döyüşməyə hazıram, deyərdi. Müharibənin ilk günlərində evə tez-tez zəng edirdi və hamını bir–bir soruşurdu. Ümumiyyətlə, Akifin gözəl xasiyyəti vardı. İnanclı idi, dostluqda mərd oğlan olub. Elə bundandır ki, yoldaşları igid döyüşçünün şərəfinə Sumqayıtdakı “İnşaatçılar” yaşayış massivində, şəhidin evinin yanında xatirə bulağı yaradıblar.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!
Mina RƏŞİD