23.12.2024, 01:34
AZ EN
11.10.2023, 16:22 263

Qazaxın 7 kəndi qaytarılacaq, amma...

XƏBƏRLƏR

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində anklavlar və digər mübahisəli ərazilər məsələsinə də toxunub.

"Vətən səsi" xəbər verir ki, erməni baş nazir Azərbaycanın işğal altındakı 8 kəndinə (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi) qarşılıq Gədəbəyin Başkənd yaşayış məntəqəsinin və şərti dövlət sərhədində yerləşən bəzi kəndlərin adını çəkməklə ərazi iddiasını ortaya qoyub. Paşinyanın fikrincə, əgər anklavlarla bağlı məsələ tərəflərdən biri - Ermənistan və ya Azərbaycan tərəfindən qəbul edilərsə, o zaman çoxlu suallar ortaya çıxacaq: “Bu anklavların sərhədlərinin delimitasiyası məsələsi var, bu anklavlara giriş məsələsi var, bu sərhədlərin qorunması məsələsi var, bu ərazilərdə silahlı qüvvələrin olub-olmaması məsələsi var. Anklav nə deməkdir? Oraya çatmaq üçün başqasının ərazisindən keçmək lazımdır, başqasının ərazisindən necə keçmək lazımdır, bu məsələnin hüquqi nüansları nədir və sair”.

Paşinyan deyib ki, Ermənistanın 29 800 kvadrat kilometr ərazisinə Başkənd də (ermənilər Gədəbəydə yerləşən bu kəndə Artsvaşen deyirlər) daxildir: “Heç bir hökumətin Ermənistan Respublikasının suveren ərazisinə son qoymaq hüququ yoxdur. Amma bir vacib detal da var: kim anklavlardan danışırsa, masanın üstünə xəritə qoymalıdır ki, bu anklavın mövcudluğu nəyə əsaslanır. Azərbaycan 8 kənd məsələsini qaldırır, öz növbəmizdə deyirik ki, bizim də 8 kəndlə bağlı  problemimiz var”.

Nikol Paşinyan əlavə edib ki, Ermənistanın sərhəddəki Tavuş rayonunun bir sıra kəndləri Azərbaycan tərəfinin nəzarətində qalıb. O, buna misal kimi Berkaber (Bibiş), Aygehovit (Uzuntala), Vazaşen (Lələkənd), Paravakar adlandırılan kəndləri göstərib: “Biz 2021-ci ildə təklif etdik, dedik ki, demarkasiya xəritəsinin nə olduğuna qərar verək, qoşunları o xəttdən çıxaraq. Təcrübə göstərir ki, istənilən həll olunmamış məsələ X dəqiqə hərbi eskalasiya üçün fürsət olacaq”.

Baş nazir bildirib ki, hökumətin təhlükəsizlik sahəsində vəzifəsi Ermənistanın müzakirədən imtina etməsi, yayınması, həll yollarından qaçması ilə hər hansı məsələnin daha da gərginləşməsi üçün bəhanəyə çevrilməsinə imkan verməməkdir: “Bizim vəzifəmiz nədir? Eskalasiyanın qarşısını almaq. Eskalasiyanın qarşısını almaq üçün məsələləri uzatmaq, mürəkkəbləşdirmək, anlaşılmaz etmək barədə düşünməməliyik. Əksinə, biz həqiqətən də həll yollarına doğru getməliyik, lakin bu qərarlar, əlbəttə ki, ağlabatan və şəffaf olmalıdır”.

Xatırladaq ki, 1990-cı illərin əvvəllərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara,  Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir. 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistanın işğalı altındadır. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir. İşğal altında olan bu 8 kəndin 3-ü - Qazaxın Sofulu və Yuxarı Əskipara, eləcə də Sədərək rayonunun Kərki kəndləri Azərbaycanın anklav əraziləridir.

Elxan SALAHOV

Oxşar xəbərlər