23.12.2024, 06:34
AZ EN
10.10.2023, 11:12 336

Vaqif toy-düyünün yaraşığı idi

XƏBƏRLƏR
  • Atası tez-tez onun görüşünə gedir. Məzarı, başdaşıyla danışır... Vaqif toy-düyünün yaraşığı idi, gözəl rəqs edirdi. Atası deyir ki, Vaqif həm də, ağıllı-dərrakəliydi, qardaşı ilə bir sinifdə oxuyurdu. Məktəbdə ikisi də bir-birinə qoşulub dəcəllik edirdilər. Ona görə də atası onları çıxarıb  ayrı-ayrı bərbər yanına qoymuşdu. Sonra Vaqifi peşə məktəbinə göndərmək  istəyiblər. Amma o razı olmayıb, hərbi xidmətə gedəcəyəm, deyib. Vaqif hərbi xidmətə çox həvəsli olub. Sanki onu çağırırdılar....

Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, əsgər Vaqif Ədalət oğlu Mərdanovun  bu gün doğum günüdür. O, 2001-ci il oktyabrın 10-da Suraxanı rayonunda dünyaya gəlib. 118 nömrəli tam orta məkrəbdə təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Vaqif Mərdanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.

Vaqif Mərdanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz doğulduğu Hövsan qəsəbəsində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Vaqif Mərdanov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Qardaşı deyir ki, Vaqif dərs oxumağı sevməsə də, məktəb tədbirlərində çox fəal idi. Tədbirlərdə hərbi geyimdə iştirak edərdi və hamının köməyinə çatardı...

Atası deyir ki, Vaqif diqqət mərkəzində olmağı sevərdi, istəyirdi ki, onu tanısınlar...

Vaqif cəmi 19 yaşında Zəfər yürüşündə öz qanıyla tarix yazaraq özünü bütün Azərbaycana tanıtdı. Atası deyir ki, oğlumun dəfnində böyük bir izdiham, insan seli vardı, hamı Vaqiflə son görüşə gəlmişdi...

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Vaqif balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər