Azərbaycan Ordusunun kapitanı Ağayev Elçin Zakir oğlu 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, 2010-cı ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini bitirərək peşəkar hərbçi kimi xidmətə başlayıb. Elçin həmişə cəbhə bölgəsinə can atırdı. Ona gərə də, öz istəyi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri olub.
E.Ağayev İkinci Vətən Müharibəsində mərdliklə döyüşüb. Bir sıra uğurlu əməliyyatların iştirakçısı olub. Oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Doğma kəndlərində dəfn edilib. Şəhidin 3 övladı yadıgar qalıb. Ölümündən sonra dünyaya gələn kiçik qızına “Şuşa” adı verilib.
Şəhid baş leytenant Elçin Ağayev müharibədə göstərdiyi igidliyə görə ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin atası, anası, həyat yoldaşı, bir sözlə doğmaları haqlı olaraq onunla fəxr edirlər. Biz də Elçin kimi qəhrəman oğullarımızla fəxr edirik. Doğum günün mübarək, ruhun şad olsun, şəhidim!
Mina RƏŞİD